Kart sistemi gəldi, bir deyim getdi...

24.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

və ya gəncəlilərin 3 sözə sığan etibarı

“Ə, lələ, çatıb… Bu, “sən rahat ol”, “mən həll etdim”, “narahat qalma” deməyin ən qısa formasıdır”. Bir vaxtlar Gəncədə marşrut avtobuslarında bu sözün eşidilmədiyi gün olmurdu. Səhər işə gedəndə də, günorta bazardan qayıdanda da, axşam evə dönəndə də bu söz mütləq səslənirdi.

– Ə, lələ, çatıb…

Və bununla məsələ bağlanırdı.

Bu üç sözü gəncəliyə izah etməyə ehtiyac yox idi. Başqa şəhərdən gələn adam isə ilk dəfə eşidəndə təəccüblənə bilərdi. “Çatıb” nə deməkdir? Kimə çatıb? Nə çatıb? Amma Gəncədə bunun cavabını hamı bilirdi.

İllərlə şəhərin marşrut avtobuslarında eyni mənzərə yaşanıb. Bir neçə tanış, qonşu, qohum, dost, iş yoldaşı, bəzən də təsadüfən eyni avtobusa minmiş adamlar birlikdə yol gedirdilər. Kim əvvəl düşürdüsə, sürücüyə həm öz pulunu, həm də avtobusda qalanların gediş haqqını verirdi. Sonra düşəndə salona tərəf dönüb ucadan deyirdi:

– Ə, lələ, çatıb…

Sürücü də bunu eşidən kimi heç nə soruşmurdu. Çünki bilirdi ki, pul verilib. Avtobusda qalan adam da əlini cibinə atmırdı. Bilirdi ki, onun əvəzinə artıq ödənilib.

Bəzən bir nəfərin yox, iki-üç nəfərin də gediş haqqı verilirdi. Onda düşən adam adları bir-bir çəkirdi:

– Nizami, Əli, Yusif… çatıb!

Adı çəkilənlər də rahat otururdu. Nə sürücü nəsə soruşurdu, nə də kimsə izahat verirdi. Bu, illərlə belə davam etdiyi üçün artıq hamının öyrəşdiyi bir qaydaya çevrilmişdi.

Bu iş heç vaxt hesab-kitab üstündə qurulmayıb. Heç kim “keçən dəfə mən vermişdim”, “bu dəfə sən ver” söhbəti eləmirdi. Sabah rollar dəyişirdi. Bu dəfə o biri əvvəl düşürdü və yenə eyni söz eşidilirdi:

– Ə, lələ, çatıb…

Əslində, burada söhbət puldan getmirdi. Söhbət insanların bir-birinə güvənməsindən gedirdi. Elə bir güvən ki, onu nə yazmaq lazım idi, nə də danışmaq. Hamı onsuz da bilirdi.

Mənə elə gəlir ki, bu adət avtobusların yaranmasından da qədimdir. Bu gün də Gəncənin çayxanalarında bunu görmək olur. Dostlardan biri işi çıxır, hamıdan tez durur. Kassaya yaxınlaşıb hesabı ödəyir. Çölə çıxanda da bircə dəfə içəri səslənir:

– Ə, lələ, çatıb…

Masada qalanlar da söhbətlərini davam etdirirlər. Heç biri hesabı soruşmur. Çünki artıq hər şey aydındır.

Bu söz təkcə çayxanalarda yox, kababxanalarda, dönərxanalarda, el şənliklərində, hətta bazarda ayaqüstü çay içilən köşklərdə də eşidilib. Gəncədə “ə, lələ, çatıb” demək sadəcə hesabın ödənildiyini bildirmək deyil. Bu, “sən rahat ol”, “mən həll etdim”, “narahat qalma” deməyin ən qısa formasıdır.

İndi isə şəhərin avtobusları dəyişib. BakıBus gəlib. Kart sistemi işləyir. Hər kəs kartını aparata toxundurur. Rahatdır, sürətlidir, müasir sistemdir. Buna söz ola bilməz. Amma onunla birlikdə bir adət də yavaş-yavaş avtobuslardan çıxıb gedib. İndi avtobusda heç kim “Ə, lələ, çatıb…” demir. Aparat kartı oxuyur, qapı açılır, avtobus yoluna davam edir.

Texnologiya həyatımızı rahatlaşdırır, buna söz yoxdur. Amma bəzən fərqinə varmadan insanların arasında olan xırda ünsiyyətləri də azaldır. Vaxtilə bir avtobusun içində cəmi üç söz kifayət edirdi ki, hər şey başa düşülsün. Bu bir kəlmədə görün nələr vardı! Doğmalıq, münasibət, etibar, yaxınlıq, səmimiyyət… Görürsünz, heç “səxavət” sözü işlətmədim. Çünki söhbət o beş-on qəpikdə deyildi axı...

Bəlkə, başqa şəhərlərdə də bənzər adətlər var. Amma “Ə, lələ, çatıb…” ifadəsini mən lap uşaqlıqdan yalnız Gəncədə eşitmişəm. Elə buna görə də bu üç söz mənim üçün adi danışıq ifadəsi yox, bu şəhərin yaddaşının bir hissəsidir. Onu unutmaq, sadəcə, mümkün deyil.

– Ə, lələ çatıb...

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью