Kartdan karta səhv köçürülən pul necə geri qaytarılır?

16.10.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Kartdan karta pul köçürmələri zamanı diqqətsizlik və ya texniki nasazlıqlar səbəbindən vəsaitin yanlış hesaba daxil olması hallarına tez-tez rast gəlinir. Əlbəttə, köçürmə etməzdən əvvəl alıcının məlumatlarını dəqiqləşdirmək və təsdiq mesajlarına diqqət yetirmək riski azaldır. Amma nə qədər diqqətli olsaq da, gözdən qaçan məqamlar və ya sistemdəki nasazlıqlar səbəbindən belə xətalar tamamilə gözlənilməz şəkildə baş verə bilir. Belə səhvlər baş verdikdə, vəsaitin operativ şəkildə geri qaytarılması üçün mexanizmin necə işlədiyi sual doğurur. Bəs nə etməli?

Bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, şəxs öz kart hesabından başqasının kartına səhvən pul köçürübsə, həmin pulun geri tələb olunması üçün əvvəlcə vəsaitin köçürüldüyü kartın aid olduğu banka müraciət edilməlidir. Bank vəsaitin geri qaytarılması ilə bağlı müraciəti təmin etmədikdə, şəxsin səhvən köçürülmüş pul vəsaitinin geri tələb olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var: "Başqasının kart hesabına səhvən göndərdiyiniz pulun bank tərəfindən geri qaytarılması mümkün olmadıqda, həmin vəsaitin geri tələb edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Məhkəmə qətnaməsi pulun şəxsə geri qaytarılması üçün əsas hesab edilir. Vətəndaş öz bankına müraciət etməlidir. Bildirilməlidir ki, pul səhvən başqa hesaba köçürülüb. Bank haradan bilsin ki, vətəndaş səhv edib pul köçürüb? Buna görə də pulu köçürən şəxsin bankı vəsaiti qəbul edən bankla əlaqə saxlamalıdır. Tutaq ki, A bankı mənim bankımdır, B bankı isə pul köçürdüyüm şəxsin bankıdır. A bankı B bankına müraciət edir və bildirir ki, bu hesaba pul köçürülüb, lakin əməliyyat səhvən həyata keçirilib. Vəsaitin geri qaytarılması xahiş olunur. B bankı da öz müştərisinə müraciət edərək bildirir ki, pulun səhvən köçürüldüyü deyilir və vəsait geri qaytarılmalıdır. Əgər həmin şəxs pulu qaytarmağa razı olarsa, məsələ həll olunur. O, pulu könüllü şəkildə geri qaytarır və B bankı vəsaiti yenidən A bankına köçürür. Amma ola bilər ki, B bankının müştərisi pulu qaytarmaqdan imtina etsin. Bu halda B bankı A bankına bildirir ki, müştəri vəsaiti geri qaytarmaq istəmir. Vəsaiti qəbul edən şəxs pulun geri qaytarılmasından imtina edərsə, məsələ daha mürəkkəb hüquqi mərhələyə keçir. Çünki bank sirri ilə bağlı tələblərə görə, bank, bir qayda olaraq, başqa müştərinin şəxsi və bank məlumatlarını sadəcə pul göndərən şəxsin müraciəti əsasında açıqlaya bilməz. Yəni bu vəziyyətdə başqa yol qalmır. Vətəndaş B bankına qarşı iddia qaldırır, çünki vəsaiti qəbul edən şəxsin kim olduğunu bilmir. Bank da həmin şəxsin məlumatlarını birbaşa digər banka təqdim etməyə bilər. Beləliklə, vətəndaş iddiasını B bankına qarşı yönəldir".

Ekspertin dediyinə görə, məhkəmə prosesində B bankı bildirəcək ki, vəsaiti özü qəbul etməyib, sadəcə həmin şəxsin hesabına köçürüb. Bu halda vətəndaş iddia tələbinə dəyişiklik edərək B bankının müştərisini cavabdeh qismində göstərməli olacaq. Məhkəmə həmin şəxsdən də soruşacaq ki, pulu niyə qaytarmır və hansı əsasla həmin vəsaitin ona məxsus olduğunu iddia edir: "Məsələn, həmin şəxsdən soruşula bilər ki, pulu köçürən şəxsi tanıyırmı, onunla hər hansı borc münasibəti varmı və ya pulun köçürülməsi üçün başqa əsas mövcuddurmu? Nəticədə məsələni yenə məhkəmə həll edir. Əgər pulun həqiqətən səhvən köçürüldüyü müəyyənləşdirilərsə, məhkəmə vəsaitin geri qaytarılması barədə qərar çıxara bilər. Ancaq ola bilər ki, pul səhvən köçürülməyib. Məsələn, şəxs kiməsə pul göndərmək istəyib, həmin şəxslə aralarında borc münasibəti olub. Sonradan arada problem yaranıb və şəxs gəlib deyir ki, pul səhvən köçürülüb. Belə bir ehtimal da var. Buna görə də səhvən köçürülmüş pulun geri qaytarılması proseduru o qədər də asan deyil".

Səhvən başqa şəxsin hesabına köçürülmüş pulun həmin şəxs tərəfindən qəbul edilməsi avtomatik olaraq ona həmin vəsait üzərində hüquq qazandırmır. Pulun səhv köçürüldüyü müəyyənləşdirildikdə, vəsaiti qəbul edən şəxsin onu geri qaytarması məsələsi ortaya çıxır. Bəzən vəsaiti alan şəxs pulu artıq xərclədiyini əsas gətirərək onu qaytarmaqdan imtina edə bilər. Lakin yalnız pulun xərclənməsi faktı onun üzərinə düşən öhdəliyi avtomatik olaraq aradan qaldırmır. Əgər məhkəmə tərəfindən həmin vəsaitin əsassız əldə edildiyi müəyyən olunarsa, pulun geri qaytarılması ilə bağlı qərar qəbul edilə bilər.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью