Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"19 yanvar 2026-cı il tarixində “Bravo” marketində alış-veriş edərkən kartından pul çıxılsa da, əməliyyat uğursuz olduğu üçün məbləğ geri qaytarılıb. Daha sonra kart yenidən POS-terminala vurulub və ödəniş uğurla həyata keçirilib. Bu proses bank tətbiqində də açıq şəkildə əks olunub. Lakin iki gün sonra, yəni 21 yanvar tarixində müştərinin kartından heç bir alış-veriş etmədiyi halda, 19 yanvar tarixində “Bravo”da etdiyi alış-veriş məbləği qədər pul yenidən silinib. Maraqlısı odur ki, bu əməliyyat bank tətbiqində görünməyib və vəsaitin hara yönəldiyi barədə heç bir məlumat əks olunmayıb".

Redaktor.az xəbər verir ki, bu fikirləri "Unibank"dan şikayət edən müştəri feysbukda paylaşım edib.

Müştəri bildirir ki, 21 yanvar tarixində “Bravo” marketində alış-veriş etməyib. Bununla bağlı dəfələrlə banka müraciət etsə də, “müraciətinizə baxılacaq” cavabından başqa hər hansı konkret məlumat verilməyib. Daha sonra "Unibank"ın votsap nömrələri vasitəsilə aparılan yazışmalarda bank əməkdaşları problemin bankla deyil, qarşı tərəflə bağlı olduğunu bildiriblər.

Müştəri məsələni aydınlaşdırmaq üçün “Bravo” marketinə müraciət etdiyini, market əməkdaşlarının isə tətbiq üzərindən pulun geri qaytarıldığını və yenidən silindiyini göstərən məlumatları təqdim etdiklərini deyir. Market tərəfi bu məlumatın vəsaitin karta qaytarıldığını sübut etdiyini və problemin onlarla bağlı olmadığını bildirib. Bundan sonra müştəri yenidən Unibanka müraciət etsə də, bank eyni şablon cavabları təkrarlayaraq, qarşı tərəfdən geri qaytarılma ilə bağlı qəbz (invoice) təqdim edilməsini tələb edib.

Şikayətçi isə bildirir ki, problem qarşı tərəflə bağlı deyil və bank səbəbsiz yerə kartdan silinən və tətbiqdə görünməyən əməliyyatın necə baş verdiyini izah edə bilmir. Onun sözlərinə görə, əgər vəsait kartdan silinibsə, bu, mütləq tətbiqdə görünməli və pulun hara yönəldiyi aydın şəkildə göstərilməlidir. Müştəri məsələ ilə bağlı bankdan əsaslandırılmış və sübutlu cavab gözlədiyini, lakin hazırda yalnız eyni məzmunlu cavablarla qarşılaşdığını deyir.

Məsələ ilə bağlı qarşı tərəfin cavabını işıqlandırmağa hazırıq.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью