“Karvan Yevlax” azarkeşlərin üzünü güldürəcəkmi? Baş məşqçi: “Futbolçularım fərdi səhvlər buraxır”

31.01.2026

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax”- “Sumqayıt” oyunundan sonra meydan sahibi olan komandanın baş məşqçisi Fizuli Məmmədov mətbuat konfransında mia.az-ın əməkdaşının suallarını cavablandırıb.

Xatırladaq ki, Yevlax klubu 0-2 hesabıyla qonaqlara məğlub olub. Klub hazırda 6 xalla turnir cədvəlinin sonuncu pilləsindədi. Mövsümün sonuna qədər vəziyyət dəyişməsə, Premyer Liqanı tərk etmək riski ilə üz-üzə qalacaq.

- Fizuli müəllim, məğlubiyyətdən dolayı, keçmiş olsun. Hazırda klubda bir sıra infrastruktur dəyişiklikləri, yeniliklərin baş verdiyinin şahidi oluruq. Rəhbərliyin gələcəyə inamının və azarkeşlərin dəstəyinin fonunda öz meydanında belə bir məğlubiyyəti həzm etmək olurmu?

- Təbii ki, insan bunu həzm edə bilmir. Klub rəhbərliyi komandanın şəraitinin yaxşı olması üçün heç bir yenilikdən, məsrəfdən, maddi və texniki dəstəkdən imtina etmir. Futbolçulara gəlincə, bütün məşqlər lazımi səviyyədə və qaydalara uyğun keçirilir. Oyuna gəlincə, inanın ki, bilmirəm, bunu nəylə əlaqələndirim, elə ilk dəqiqələrdən bəzən elə hallarla üzləşirsən ki, bunun izahı olmur. Məsələn, bundan əvvəllərdə birinci hissədə yaxşı oynadığımız hallarda, ikinci hissədə qol buraxırdıq və bunun futbolçuların fiziki hazırlığının aşağı olmasıyla əlaqələndirirdik. Amma indi futbolçuların fiziki hazırlığı rəqiblərimizdən belə üstündü. Konkret bu günki məğlubiyyətin səbəbinə baxsaq, daha çox futbolçuların fərdi səhvləriylə əlaqəli olduğunu görərik. Heç ümumiyyətlə, qol epizodunun olmadığını da demək olmaz: bir çox hallarda rəqibin qapısı qarşısında təhlükəli anlar yaratdıq, amma başa çatdıra bilmədik. Həm də hesab 2 fərqə çatanda, artıq dəyişdirmək olmur.

- Araz Abdullayevin oyunu, ümumiyyətlə, futbolçu olaraq perfomansı barədə fikirlərinizi bilmək istəyərdim. Bildiyimiz kimi, o, bir az emosional, ambisiyalı adamdı.

- Qış dönəminin birinci həftəsində Araz çox yaxşı hazırlaşırdı. Amma ikinci həftədən etibarən ayağında ağrı hiss etdiyi üçün onu dərhal Bakıya, Federasiyanın Klinik dispanserinə göndərdik, orada müayinə olundu. Təxminən 10-11 gün orada qaldı. Qayıdandan sonra məşqlərini davam etdirdi. Bu oyunda qol vurmağı çox istəyirdi. Araz istedadlı oyunçudu. Onun hətta bir pası oyunun taleyini həll etməyə kifayət edər. Mən ona çox inanıram. Ola bilər, “Neftçi” ilə oynadığımız vaxtdakı Araz indi bir az fərqlidi. İkinci hissədə onun çox yorulduğunu düşündüm və əvəz etdim.

Zülfiyyə Mustafayeva

Mia.az

Bakı- Yevlax-Bakı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью