“Karvan Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” Yevlaxda yeni stadion tikilir

31.01.2026

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Aşağıdakı şəkildə gördüyünüz şir Yevlax rayon stadionunun qarşısında qoyulub. Futbol oynayanda şirə dönmək mənasını verir böyük ehtimalla.

Digər şəkildəki avtobus isə rayonun “Karvan-Yevlax” adlı Futbol klubunun (FK) avtobusudu. Klubun loqosunda dəvə şəkli var, çünki, klubun rəmzi nişanı məhz dəvədi.

Stadion da klubun, avtobus da. Heyvanlar niyə fərqlidi, heç bilmədim.

Zarafat bir yana, “Karvan-Yevlax” klubunun çoxillik tarixi, nümunəvi ənənələri, rayonda futbolun inkişafına dəyərli töhvələri var. Elə ondan başlayaq ki, təxminən 6 hektardan yuxarı ərazisini əhatə edən yeni bazasında işlər təzəlikcə yekunlaşıb. Komanda səliqəli və yaşayış standartlarına cavab verən yataqxana korpusuna yerləşdirilib. Stadionun ot örtüyü süni olsa da, keyfiyyətli görünür. Amma onsuz da bu stadion müvəqqətidi. Yenisini, təbii ot örtüyü olan stadion tikməyi nəzərdə tutublar. Həmin o təzə stadion da konstruksiya və layihələndirmə fərqli detallarıyla bir az “Zirə” FK-nun stadionuna bənzəyəcək.

Bu ərazi klubun şəxsi mülkiyyətidi. Tikilən baza, inzibati yerlər və digər köməkçi hissələrin ümumi sahəsi 3500 kv.metr təşkil edir.

Köhnə baza da klubun balansında durur. Hazırda orada təmir işləri getsə də, oyunlar dayandırılmayıb. Məsələn, dünən həmin köhnə bazada klubun 17 yaş qrupu ilə “Neftçi”nin eyni yaş qrupu arasında oyun keçirilib.

Az pul xərclənməyib bu işlərə. Hələ davamı var. Premyer Liqada autsayder olan komanda üçün gələcəyə hesablanan bu yatırımlar məncə, həm iddialı görünür, həm də qarşıda yeniliklərin olacağından xəbər verir. Planların bir mövsüm üçün yox, uzunmüddətli tutulması klubun hədəflərinin mükəmməl olduğunu göstərir. Məncə, bu, çox maraqlı yanaşmadı. Premyer Liqada özünə mobil ayaqyolu belə tikdirməyə ərinən bəzi klubları Yevlaxa göndərmək istəyi yaranır adamda hətta. Gedib orada “Karvan”dan öyrənsinlər.

Yeri gəlmişkən, “Karvan-Yevlax”ın icraçı direktoru Elvin Əjdərli görülən işlər barədə mia.az-a daha ətraflı danışıb:

- “Karvan-Yevlax”ın yeni təlim-məşq bazasının inşasına ötən ilin əvvəllərindən start verilib. Layihə çərçivəsində həm baza infrastrukturu, həm də müasir standartlara cavab verən meydança örtüyünün qurulması həyata keçirilib. Ümumilikdə tikinti və örtük işlərinə 3 milyon manatdan artıq vəsait yatırılıb. Yeni baza təxminən 60 nəfərlik komanda heyətinə eyni vaxtda keyfiyyətli xidmət göstərmək üçün nəzərdə tutulub və klubun uzunmüddətli inkişaf strategiyasının vacib hissəsidir.

- Neçə nəfərlikdir yeni baza?

- Yeni təlim-məşq bazası ümumilikdə 60 nəfərlik komanda heyətinə eyni vaxtda xidmət göstərmək imkanına malikdir. Bazada 30 yaşayış və funksional otaq mövcuddur və onların hər biri müasir idman infrastrukturu standartlarına uyğun şəkildə qurulub. Otaqların planlaşdırılması həm peşəkar futbolçuların bərpa prosesinə, həm də məşqçi və texniki heyətin rahat fəaliyyətinə hesablanıb. Bu kompleks yalnız yaşayış məkanı deyil, eyni zamanda komandanın peşəkar gündəlik rejiminin tam təmin olunmasına xidmət edən mühitdir.

- Bilmək olar, vəsait hansı mənbədən cəlb edilib?

- Klub rəhbərliyi şəxsi büdcəsi hesabına əhəmiyyətli maliyyə dəstəyi göstərib. Bu yanaşma klubun idarəetmə fəlsəfəsini aydın şəkildə nümayiş etdirir. Məqsəd yalnız mövsümi nəticələr deyil, dayanıqlı və peşəkar futbol mühitinin formalaşdırılmasıdı. Yeni bazanın tikintisi və meydança örtüyünün qurulması işlərinə ümumilikdə 3 milyon manatdan artıq vəsait sərf olunub. Bu investisiya infrastrukturun uzunmüddətli istismarını, futbolçuların sağlam məşq mühitini və beynəlxalq standartlara uyğun şəraitin təmin olunmasını hədəfləyir. Bununla paralel olaraq stadion kompleksinin inkişafı üzrə növbəti mərhələ də planlaşdırılıb. Layihəyə əsasən, təbii ot örtüklü, təxminən 1500–2000 azarkeş tutumuna malik yeni stadionun inşası nəzərdə tutulur. Artıq bu istiqamətdə təxminən 4,5 milyon manat həcmində maliyyə resursunun ayrılması planlaşdırılıb. Bu addım klubun infrastruktur strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini və “Karvan-Yevlax”ın regional futbolun inkişafında uzunmüddətli rol oynamaq niyyətini göstərir.

- Köhnə bazadan fərqli olan hansı yeni komponentlər daxil edilib?

- Köhnə baza ərazi və təbii mühit baxımından olduqca əlverişli məkanda yerləşsə də, stadiondan məsafə amili gündəlik məşq prosesində müəyyən logistika çətinlikləri yaradırdı. Yeni baza isə funksionallıq və yerləşmə baxımından daha optimal model üzərində qurulub. İnfrastruktur planlaması futbolçuların məşq, bərpa və istirahət dövrlərinin bir mərkəzdə effektiv təşkilinə imkan verir. Bu isə peşəkar futbolda performansın artırılması baxımından mühüm faktordur.

- Yeni stadionun inşasında sınanmış modellərdən istifadə olunubmu?

- Stadion müasir beynəlxalq idman memarlığı prinsiplərinə əsasən inşa edilib və FIFA standartlarına uyğunlaşdırılıb. Müvafiq texniki tələblərə cavab verdiyi üçün obyekt lisenziyalaşdırma prosesindən uğurla keçib. Bu, həm infrastrukturun keyfiyyət göstəricisidir, həm də gələcəkdə yüksək səviyyəli yarışların keçirilməsi üçün potensial yaradır. “Karvan-Yevlax” yarandığı gündən doğma azarkeşləri ilə birgə məhz Yevlax şəhərində çıxış edib. Klub üçün regional bağlılıq və azarkeş amili strateji əhəmiyyət daşıyır.

- Köhnə bazadan istifadə olunacaqmı? Orada bərpa, yenidənqurma işləri aparılırmı?

- Bəli, köhnə baza hazırda əsaslı yenidənqurma və bərpa mərhələsindədi. Tikinti prosesi başa çatdıqdan sonra həmin obyekt də klub strukturunun bir hissəsi kimi fəaliyyət göstərəcək. Məqsəd mövcud resursları maksimum səmərə ilə istifadə etmək və çoxşaxəli infrastruktur yaratmaqdır.

- Klubun akademiyasında hazırda hansı yaş qrupları hazırlıq və məşq keçir? Kiçik yaş qruplarının gələcəkdə qəbulu nəzərdə tutulurmu?

- Akademiya hazırda 10-15 yaş aralığında olan qruplarla fəaliyyət göstərir. Bu mərhələdə əsas diqqət texniki baza, intizam və futbol təfəkkürünün formalaşdırılmasına yönəlib. Gələcək planlara isə daha kiçik yaş qruplarının mərhələli şəkildə sistemə cəlb olunması daxildir. Akademiya klubun uzunmüddətli idman strategiyasının əsas sütunlarından biridir.

- Klub rəhbərliyinin akademik inkişaf və bazanın möhkəmləndirilməsi üçün qarşıya qoyduğu yeniliklər hansılardı?

- Ən mühüm yenilik köhnə bazanın müasir standartlara uyğun yenidən qurulmasıdı. Paralel olaraq akademiyanın strukturlaşdırılması, metodiki yanaşmanın gücləndirilməsi və peşəkar idarəetmə modelinin tətbiqi nəzərdə tutulur. Klubun inkişaf xətti qısamüddətli nəticələrdən çox, dayanıqlı sistem qurulmasına yönəlib.

- Yeni baş məşqçi ilə uzun əməkdaşlıq nəzərdə tutulurmu?

- Baş məşqçi ilə əməkdaşlıq qarşılıqlı etimad və uzunmüddətli planlama üzərində qurulub. Hazırda komandanın baş məşqçisi Fizuli Məmmədov komandanı yaxından tanıma mərhələsində olsa da, onun peşəkarlığı və potensialı rəhbərlik tərəfindən yüksək qiymətləndirilir. Məqsəd sabitlik və inkişafdı.

- Yeni bazanın inşası iddialı hədəflərdən xəbər verirmi?

- “Karvan-Yevlax” zəngin futbol ənənələrinə malik, ölkə futbol tarixində özünəməxsus yeri olan klublardandır. Azərbaycanın bir çox tanınmış futbolçusunun karyera yolunda “Karvan” mərhələsi olub və bu fakt klubun futbol məktəbi kimi rolunu açıq şəkildə göstərir. Klub tarixində Avropa yarışlarında mərhələ adlayan ilk Azərbaycan təmsilçilərindən biri kimi çıxış etməsi də bu irsin mühüm göstəricisidir. Yeni bazanın inşası sırf infrastruktur addımı deyil, strateji baxışın tərkib hissəsidir. Bu layihə klubun qısamüddətli nəticələrdən daha çox uzunmüddətli, dayanıqlı inkişaf modelinə üstünlük verdiyini göstərir. Son illərdə yaşanan çətinliklər və arzuolunmaz nəticələr klub daxilində təcrübə kimi dəyərləndirilir. Artıq idarəetmədə daha sistemli yanaşma, planlı inkişaf və peşəkar strukturlaşma əsas xətt kimi qəbul olunub. İnfrastruktur yatırımları, akademiyanın gücləndirilməsi, maddi-texniki bazanın yenilənməsi və təşkilati islahatlar “Karvan-Yevlax”ın yenidən rəqabətədavamlı futbol modeli qurmasına xidmət edir. Bu proses mərhələli şəkildə aparılır və məqsəd emosional deyil, sağlam təməl üzərində qurulmuş inkişafdı. Bugünki nəticələr keçid dövrünün göstəricisi kimi qiymətləndirilir. Klub rəhbərliyi və texniki heyət əmindir ki, buraxılmış səhvlər təkrarlanmayacaq və bu mərhələ Karvanın daha güclü qayıdışı üçün zəmin rolunu oynayacaq. Məqsəd təkcə turnir cədvəlində yüksəlmək deyil, “Karvan-Yevlax” adını yenidən Azərbaycan futbolunun güclü brendlərindən birinə çevirməkdir.

Zülfiyyə Mustafayeva

Mia.az

Yevlax

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью