Kasıbın istirahət arzusu tıxacda əriyir

14.07.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Havalar isinib, dəniz sezonu açılıb. İlin on bir ayı yorulan insanlar nəhayət ki, bir gün dincəlmək, dəniz havası almaq, ailə ilə vaxt keçirmək istəyir. Amma bu istək bəzən əsəb, yorğunluq və tıxacla nəticələnir. Çünki çimərliklərə gedən yollar, xüsusilə də həftəsonları, iflic olur.

Ənənəvi olaraq Novxanı, Pirşağı, Mərdəkan, Bilgəh və Şüvəlan istiqamətində yüzlərlə avtomobil eyni vaxtda yola düşür. Nəticə: saatlarla tıxacda qalmaq, dəniz yerinə sanki qaynar qazan içində bişmək. Üstəlik, yolların keyfiyyəti, parklanma imkanlarının məhdudluğu və nəqliyyatın idarə edilməməsi vəziyyəti daha da ağırlaşdırır.

İstirahətə gedən insan niyə əzab çəkməlidir? Bu sual həm sürücüləri, həm sərnişinləri düşündürür. Bəziləri ictimai nəqliyyata ümid edir, amma orada da ya interval uzundur, ya da sıxlıq dözülməzdir. Bir çox insan axşam saatlarında çimərlikdən evə dönərkən ikinci bir əsəb imtahanı verir. Çünki bu dəfə də tıxac “evə dönüşü” bayrama yox, işgəncəyə çevirir.

Yollar genişləndirilmir, ictimai nəqliyyat alternativləri artırılmır, bir sözlə, bu mövsümə hazırlıq yoxdur. Amma reklamlar bol-bol “sezon açıldı” deyir. Əslində isə sezonla birlikdə tıxac da açılır.

Bəlkə də çimərliklərə gedən yolların idarə olunması üçün xüsusi plan hazırlanmalıdır. Sıxlıq saatlarında nəqliyyat axını tənzimlənməli, ictimai nəqliyyat marşrutları gücləndirilməlidir. Əks halda, insanlar dəniz suyunda rahatlanmaq əvəzinə, avtomobil tıxacında buxarlanacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью