futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının XXXIII turunun “İmişli” – “Karvan-Yevlax” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– İstədiyimiz nəticəyə nail olmuşuq. Futbolçulara, texniki heyətə, klubda çalışan hər bir işçiyə təşəkkürümü bildirirəm. Əlbəttə, fanatlara da minnətdaram. Çempionatboyu uzun məsafələr qət edib, bizə dəstək olublar. Bu azarkeşlər daim qəlbimdə olacaq. Azərbaycanda olmaqdan məmnunam, həyatımda böyük təcrübə oldu. İstər şəxsi, istərsə də peşəkar biri kimi müsbət düşüncələrim var. “İmişli”yə uğurlar arzu edirəm. Oyuna gəlincə, gənclərə şans verdik. Start heyətdə 10 azərbaycanlı futbolçu var idi. Ümumi götürəndə, nəticə ədalətlidir.
– Sanki klub və “İmişli” ilə vidalaşırsınız…
– Bu gecə vətənimə qayıdıram. Gələcək barədə heç nə deyə bilmərəm.
– Başqa klublardan təklif var?
– Hələ yox. Hazırda ailəmi düşünürəm.
– Azərbaycan oynayan hansı futbolçu ilə gələcəkdə yenidən birlikdə işləmək istərdiniz?
– Bu suala cavab vermək çətindir. Azərbaycan Premyer Liqasında oynayan yerli futbolçuların keyfiyyəti yüksəkdir. Limitin ləğvi ilə çempionatın səviyyəsi də artıb. Yerli oyunçular legionerlərdən çox şey öyrənə bilər.
– Quba stadionu haqqında tənqidi fikirlər çox oldu. Bu arenadan qaçırsınız?
– Meydança haqqında danışmaq istəmirəm.
– Azərbaycandan hansısa sıfırdan qurulan bir klubdan təklif gəlsə, qəbul edərsiniz? Ya hazır komanda istəyirsiniz?
– “İmişli” haqqında yox, ümumi danışacağam. Hər məşqçi daha yaxşı heyətlə işləmək istəyər. Lakin hər futbolçunu inkişaf etdirmək lazımdır. Suala konkret cavab vermək çətindir. Amma hər məşqçi daha yaxşı şəraitdə işləmək istəyər.
– Adınız “Kəpəz” və “Sumqayıt”la hallanır…
– Heç bir təklif yoxdur. Mətbuatda haqqımda çox xəbərlər gedib, amma hamısı səhvdir. Bir xəbər də çıxmışdı ki, mən “İmişli” ilə davam etmək istəmirəm, şərtlər yaxşı olmayıb. Bunlar düzgün deyil.
Şahin Cəfərov