Milli.az saytına istinadən Icma.az xəbər verir.
Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldinyonun uzun fasilədən sonra rəsmi oyunda iştirakı Antonio Kassanonun narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, italiyalı sabiq futbolçu 46 yaşlı ulduzun bu qərarını kəskin şəkildə tənqid edib.
Kassano fikirlərini "Viva el Futbol" verilişində bölüşüb. O, Ronaldinyonun futbolçu keyfiyyətlərini yüksək qiymətləndirdiyini, hətta onu bütün zamanların ən güclü beş oyunçusu sırasında gördüyünü deyib. Bununla belə, braziliyalının hazırkı yaşında və fiziki durumda meydana çıxmasını məntiqli hesab etmədiyini vurğulayıb.
Keçmiş futbolçu Ronaldinyonun bu addımını anlaşılmaz adlandıraraq, qərarın "Ravenna"nın prezidenti İqnatsio Çipriani ilə şəxsi münasibətlərdən və ya maddi maraqdan qaynaqlana biləcəyini irəli sürüb. Kassano baş verənləri "biabırçılıq" kimi dəyərləndirib.
Xatırladaq ki, noyabrın 15-də Ronaldinyo 11 illik fasilədən sonra rəsmi matçda meydana çıxıb. O, İtaliya Seriya C-də "Ravenna"nın "Forli" ilə görüşündə start heyətində yer alıb. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Braziliyalı ulduz ilk hissənin sonunadək oynayıb və komandasının açılış qolunu hazırlayan hücumda iştirak edib. Fasilədə əvəzlənən Ronaldinyo tribunaların alqışları ilə meydanı tərk edib. Qeyd edək ki, o, "Ravenna" klubunun səhmdarlarından biridir və meydana qayıdışı klubla razılaşma çərçivəsində baş tutub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)