Kauno səfərindən gözləntilər

26.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandası Millətlər Liqasında sabah ilk oyuna çıxacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Litvanın qonağı olacaq. Kaunoda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.

Ötən turnirdəki uğursuzluğa görə D Liqasına yuvarlanan milli 2-ci qrupda Litva ilə yanaşı, Lixtenşteynlə də mübarizə aparır. 3 komandalı qrupun birincisi C Liqasına yüksələcək.

Həm Azərbaycan, həm də Litva ötən turnirə qədər “C”də olub.

Litva millisinin futbolçularının böyük qismi legioner həyatı yaşayır. Diqqətdə saxlanmalı əsas adlar Qvidas (“Torino”), Kuçs və Yankauskasdır (hər ikisi “Çelye”).

Müdafiədə kompakt oynayan litvalıların əsas silahı sürətli hücumlardır. Cinahda driblinq bacarığı yüksək olan oyunçular var. Litva millisi standart vəziyyətlərdə də təhlükəlidir. Yığmanın start heyətindəki oyunçular klublarında mütəmadi oynayanlardadır. Bu da onların fiziki durumunun bizə nisbətən daha yaxşı vəziyyətdə olması deməkdir.

Misli Premyer Liqasında legioner limitinin ləğvindən sonra klublar üstünlüyü əcnəbiyə verdi və beləcə yerlilərin bir çoxu hər tur 90 dəqiqə oynamaq imkanında deyil. Hücumda əsas qol ümidimiz Musa Qurbanlı və Renat Dadaşovun performansında eniş var. Tacikistanla yoldaşlıq matçında hər iki oyunçu passivliyi ilə seçildi.

Yığmanın əsas silahı ön xətdə Mahir Emrelidir. Lakin o da sınaq görüşündə zədə almışdı və durumu yaxşı olmasına baxmayaraq, böyük ehtimalla ikinci hissədə meydana çıxacaq.

Müdafiədə axsamalar çoxdur. Tacikistan yığması məğlubiyyətə baxmayaraq, kifayət qədər boşluq tapa, qol şansı yarada bilmişdi. Qapıçı Emil Balayevin seyvləri qələbədə həlledici rol oynayan amillərdən idi.

Litva yığması Millətlər Liqasında artıq bir oyun keçirdi və səfərdə Lixtenşteynə qalib gəldi. Meydan sahiblərinin ultramüdafiə planına baxmayaraq, iki qol vurmaq mümkün oldu.

Azərbaycanla görüşdə konkret favoritin kim olduğunu demək çətindir. Litva azarkeşləri önündə oynayacaq. Üstəlik, komanda turnirə uğurlu start verib və atmosfer yüksək səviyyədədir.

2021-ci ildən Millətlər Liqasında mübarizə aparan Litva tarixində ilk dəfə D Liqasına yuvarlanıb və indi məqsəd uğursuzluğu unutdurmaqdır.

Bu komanda ilə son duelimiz Bakıda olub və qolsuz bərabərlik qeydə alınıb.

Ayxan Abbasov milliyə təyinatından sonra ilk növbədə əzmkarlığı artırıb. Avropa çempionatının seçmə mərhələsində Fransa və Ukraynaya qarşı səfər oyunlarında xarakter nümayiş etdirən yığma pis təsir bağışlamamışdı.

Bir neçə gün əvvəl Tacikistanla oyunda qələbə qazanan millinin hansı səviyyədə olduğu məhz Litva ilə matçda bilinəcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью