Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Kiyev Moskva ilə danışıqlarda təhlükəsizlik zəmanətləri müqabilində ciddi ərazi güzəştlərinə gedə bilər.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bu barədə Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
“Əgər Kiyev ərazi güzəştlərinə gedəcəksə, bunu Ukraynanın qalan hissəsi üçün sülh naminə edəcək. Bu halda isə ölkənin qalan hissəsində sülhün təmin ediləcəyinə tam zəmanət olmalıdır. ABŞ da bunu nəzərə almalıdır”, - deyə Kaya Kallas bildirib.
Bir müddət öncə ABŞ Dövlət katibi Marko Rubio danışıqlarda iştirak edən işçi qrupları üçün əsas həll olunmamış məsələnin ərazi güzəştləri olduğunu deyib. Onun sözlərinə görə, Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşma artıq əldə olunub: “Bu razılaşma Avropa ölkələrinin, ilk növbədə isə Fransanın “kiçik hərbi kontingentinin” ölkədə yerləşdirilməsini, eləcə də Vaşinqtonun dəstəyini nəzərdə tutur. ABŞ-ın dəstəyi olmadan bu qüvvələr “faydasızdır”.
Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində NATO-ya üzv ölkələrin qoşunlarının Ukraynada yerləşdirilməsinin istənilən ssenarisinin qəbuledilməz olduğunu dəfələrlə qeyd edib.