Keçən il Gürcüstanda 10 min 800 şagird təhsildən yayınıb

09.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 9 iyun, AZƏRTAC

Keçən il Gürcüstanda 10 min 800 şagird təhsildən yayınaraq məktəbləri tərk edib, bu da 2023-cü illə müqayisədə 2,6 min nəfər azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstanın ictimai müdafiəçisi (ombudsman) Levan İoselianinin parlamentə təqdim etdiyi illik hesabatda yer alıb.

Hesabatda bildirilir ki, şagirdlərin 7599-u statusunu, 3201-i isə fəaliyyətini dayandırıb.

Şagirdlərin təhsildən yayınması çox vaxt rəsmi statistikaya görə, “şagirdin ailəsi ilə xaricə səyahəti”, “valideyn/qanuni nümayəndənin ərizəsi”, “peşə kollecində təhsilin davam etdirilməsi” və “məhdud sayda ardıcıl məzuniyyət” kimi səbəblərlə əlaqələndirilir.

Məktəbi tərk edənlərin 6,4 mini oğlan, qalanı isə qızlardır.

Maraqlıdır ki, 5609 azyaşlı 9-cu sinfi bitirdikdən sonra məktəbdə təhsilini dayandırıb.

Ombudsmanın sözlərinə görə, 2 minə yaxın şagird valideynlərinin istəyi ilə təhsil prosesini yarımçıq qoyub və erkən nikah problemi də elə buradan qaynaqlana bilər.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 2086 dövlət və 206 özəl məktəb var, onlardan 9-u internat məktəbidir. 2024-2025-ci tədris ili üzrə məlumata görə, şagirdlərin ümumi sayı 640 min 499 nəfərdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью