Keçənlərdən kiçik bir epizod... FOTO

27.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Səsin sehri

2010-cu ilin 19 yanvar günü ötən illərin səfində bulaq kimi çağlayan, şipşirin bir səsin ecazkar sehri ilə ömrümə düşdü. Bu səs adi səs deyildi, sanki Uca Tanrı tərəfdən ilahi bir sevginin qanadlarında mənə göndərilmişdi. Bütün ağır dəqiqələrdə mənə dayaq durdu, təklənməyə, qəmlənməyə qoymadı məni. İlin şaxtalı qış fəslində belə qəlbim yaz çəməni tək çiçəkləndi. Ürəyi dindirən, qəlbi oxşayan səs həmin günü mənə yol göstərdi, istəyimə çatana qədər bir oldum onunla. Elə bununla da bir mehr, məhəbbət dolu dünya duydum həmin məqamda qəlbimə yatan bu səsdə. Səsin sahibi Röya idi, üz tutub getdiyim yer isə yayda, qışda başı həmişə qarlı olan əzəmətli, vüqarlı Murovun ən uca zirvəsi. Oğlum Tural dağın bu sonuncu nöqtəsində yağı düşmənlə üz-üzə Vətənə övladlıq borcunu yerinə yetirirdi...

Lopa-lopa qar yağır. Qarın qalınlığı artdıqca sıldırımlı, daşlı dağ yolları keçilməz olur. Qaldı ki, oğluma sarı yol getdiyim “NİVA” markalı maşın bütün çətinliklərə baxmayaraq hərəkətdən qalmır. Gedirik, Vətən, övlad məhəbbəti bizi yaman çəksə də, amma bu qarlı gündə dağın başına qalxmağa heç cür inanmağım gəlmir. Ürəyim azca sıxılır. Öz-özümə fikirləşirəm: Lerikdən o boyda yol gəl, uşaqla görüşmə...

Bu an sürücü maqnitofonu işə salır. Oxuyanın həzin səsi yaz havası kimi bütün varlığıma çəkilir, həyata, məhəbbətə, inama, vüqara çevrilib ruhuma axır. Qışın oğlan çağında qəlbim çiçəklənir bir dağ mehinə. Bir saf eşqin şəfqətindən yaranmış səs bütün çətinlikləri unutdurur mənə. Röya ifa etdiyi “Sənə görə”, “Gedəcəyəm”, “Canım”, “Gizli sevgi”, “Kaş”...mahnıları ilə getdiyim yoluma min uğur tutur. Səsin şirinliyində müqəddəs arzuma çatmağa, əsgər əli sıxmağa yol gedirəm. Ürəyimdə sevinc payı, çiynimdə sıldırımlı dağların daş qəmi. Zirvədən-zirvəyə qalxıram. Nə yaxşı ki, qar da dayanır. Ən uca zirvədə əsgər oğlum Turalla, onun əsgər dostları ilə görüşürəm. Beləcə, çətin səfərim, xoş, qürurlu səfərə dönür...

O gündən doğmadır, əzizdir Röyanın səsi mənə. Hər dəfə Röyanın mahnılarını dinləyəndə qəlb dünyamı ilahi bir məhəbbət ovsunlayır. Elə dünyanın gözəlliyini bu səsdə görürəm. Röya oxuyanda həyata duyğulu, əzəmətli təravət gəlir, tutduğum hər hansı iş rahat alınır. Bütün bu bəşəri dəyərlərə görə onun həzin, könül açan səsi həyatın özüdür mənim üçün. Nə qədər Röyanın səsi var, sevgili ürəklərdə durulacaqdır... İbrahim Göyçaylının bir şerində deyildiyi kimi:

Görən necə olar həyat nəğməsiz?

Nəğmələr həyatın məhək daşıdır.

Nəğmələr doğmadı,

Nəğmələr əziz,

Nəğmələr insanın yol yoldaşıdır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью