Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara və sürücülərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunub ki, son yol-nəqliyyat hadisələri piyada keçidlərindən istifadə etmədən yolun hərəkət hissəsindən keçməyin insan həyatı üçün nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirir. Bildirilib ki, bu cür halların qarşısının alınması, eləcə də vətəndaşların gedəcəkləri ünvana rahat və təhlükəsiz şəkildə çatmaları üçün yerüstü və yeraltı piyada keçidlərindən istifadə etmələri vacibdir.
Mərkəz sürücülərə də müraciət edərək diqqətli olmağa çağırıb. Vurğulanıb ki, diqqətin yolda saxlanılması və müəyyən edilmiş sürət həddinə riayət olunması xüsusilə çoxzolaqlı yollarda qəza riskini azaldır. Həmçinin qeyd edilib ki, qaydaları pozaraq yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları vaxtında görmək və zəruri təhlükəsizlik tədbirlərini görmək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.