Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Avropa Komissiyası Avropa İttifaqı vətəndaşlarının Rusiya şirkətlərində yüksək vəzifə tutmasını qadağan etməyi təklif edib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, yeni sanksiyalar keçmiş Almaniya kansleri Gerhard Şröderin Rusiyadakı işini itirməsinə səbəb ola bilər.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin 23 noyabrda təqdim etdiyi Rusiyaya qarşı 22-ci sanksiya paketi buna şərait yaradır.
AK prezidentinin sözlərinə görə, Rusiya ilə iqtisadi münasibətlərdə “əvvəlki kursu davam etdirmək” mümkün deyil.
“Biz avropalıların Rusiyadakı şirkətlərin idarə heyətində vəzifə tutmasını qadağan edəcəyik”, – deyə o bildirib.
“Bu, Şröderə də aiddir”, – deyə Aİ-nin yüksək vəzifəli rəsmisi “Handelsblatt”a bildirib.
Nəşrin məlumatına görə, digər Aİ rəsmiləri və diplomatları da oxşar fikirlər bildiriblər.
Qəzetin məlumatına görə, qadağa “Hyperglobus”un alman idarəedici direktoru Volker Şaar, “RusAl-ın direktorlar şurasına rəhbərlik edən hollandiyalı Bernard Zonneveld və “Tatneft”in direktorlar şurasının macarıstanlı üzvü Laslo Gerek-ə də şamil edilə bilər.
Qeyd edək ki, 30 sentyabrda Şröder Almaniyanın “Globus” pərakəndə satış şəbəkəsinin keçmiş Rusiya bölməsi olan “Hyperglobus” MMC-nin müşahidə şurasına qoşulub.
Rusiya şirkətinin mətbuat xidməti bildirib ki, keçmiş kansler “şirkətin ümumi idarəçiliyində iştirak edəcək və Rusiyada strateji inkişafına rəhbərlik edəcək”.
“Der Spiegel” oktyabr ayında yazıb ki, Şröder yeni vəzifəsi üçün maaşını birbaşa “Hyperglobus”dan deyil, Almaniyanın “TMB Holding” şirkəti ilə “məsləhət xidmətləri müqaviləsi” vasitəsilə alır.