Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri deyir ki, son günlər ABŞ Prezidentinin elçisi Stiv Uitkoff ilə heç bir təması olmayıb, İran danışıqlar aparılması üçün müraciət etməyib.
ISNA-nın yazdığına görə, Abbas Əraqçi yanvarın 28-də hökumətin iclası çərçivəsində jurnalistlərə bu haqda danışıb.
"Əlbəttə, vasitəçi qismində çalışan, məsləhətləşmələr aparan ölkələr var, onlarla əlaqədəyik", – nazir deyib. A.Əraqçi vurğulayıb ki, "ABŞ danışıqlar aparmaq istəyirsə, təhdid mühitində danışıqlardan söhbət gedə bilməz". Onun sözlərinə görə, danışıqların öz prinsipləri var, bərabər mövqedə, qarşılıqlı hörmət əsasında aparılmalıdır.
Bu arada ABŞ-nin keçmiş dövlət katibi, Donald Trampın birinci prezidentlik dövründə bu vəzifəni icra etmiş Mayk Pompeo deyib ki, ABŞ İran rəhbərliyi ilə razılaşmaya ümid bağlamamalıdır. "Fox News"a müsahibəsində Pompeo bildirib ki, onun fikrincə, İslam Respublikası yalnız güc yolu ilə geri çəkilə bilər.
O, müsahibənin bir hissəsini X hesabında paylaşıb: "İran diktaturası razılaşma istədiyini deyə bilər, amma bu rejimi hakimiyyətdə saxlayan istənilən razılaşma mahiyyətcə regional təhlükəsizliklə uyğun gəlmir. Bu, danışıqlar aparıla bilən rejim deyil".
Pompeo ABŞ-nin İrana doğru hərbi gəmilər göndərməsini alqışlayıb, bu ölkədə insanların öz talelərini müəyyən edə bilməsi üçün İran hökumətinə xaricdən ABŞ-nin güclü təzyiqi saxlamasının vacibliyini vurğulayıb.
“AzPolitika.info”