Keçmiş ərinin qətlində ittiham olunan qadın: Mən onu evdən sağlam yola salmışdım

03.02.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə paytaxtda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda keçmiş ərini Ədil Məhərrəmovu qətlə yetirməkdə təqsirləndirilən Nuranə Məhərrəmova ifadəsində həmin gün keçirdiyi ağır əməliyyatdan sonra evə gəldiyini və hadisədən xəbərinin olmadığını deyib:

"Evə təzəcə çatmışdım ki, Ədilin anası Raya xanımdan zəng gəldi. Ədil məni elə ağır vəziyyətdə qoyub mağazaya getmək adı ilə evdən çıxdı. Nə qədər zəng elədim, Ədil telefonu götürmədi. Anasına zəng etdim, mənə nalayiq sözlər və söyüşlər dedi. Aprelin 19-da Ədil döyülmüş halda evə gəldi. Mən ondan bərk incik olduğumdan onu evə qoymurdum, atam dedi yazıqdır, pis vəziyyətdədir. Ədil dedi ki "Ölməyə sənin yanına gəlmişəm".

Bunun nə demək olduğunu soruşanda, başa salacağını dedi. Niyə bu halda olduğunu soruşdum, dedi ki, Vüqarla dalaşıb. Özüm pis vəziyyətdə ola-ola, canım ağrıya-ağrıya ona dərman verdim, yatdı. Evdə çörəkpulu yox idi, Ədil həmişə qazancını anasına aparıb verirdi, uşağına xərcləmirdi. Evdə pul olmadığından işlədiyim salona getdim.

Müştərilər gəldilər, iş başımı qatdı. Evdə atam, qızım Fidan və Ədil vardı. Evə qayıdanda Fidanı evdə görmədim. Ədildən onun harada olduğunu soruşanda - "Qovdum, getdi", - dedi. Ağlaya-ağlaya çıxıb onu axtarmağa başlayanda küçədə qabağıma çıxdı, evə gətirdim. Qızımı qovduğuna görə Ədillə mübahisə etməyə başladım, o da çığır-bağır saldı. Onun çıxıb getməsini tələb etdim. Mənə əl-qol atdı, vurmağa başlayanda atam araya keçdi.

Ədil bu zaman mətbəxdəki bıçağı götürüb cumdu atamın üstünə. Mən Ədilin qolundan itələyəndə bıçaq fırlanıb divara dəydi, mən də tez onu götürüb çarpayının altına tulladım. Ədilə dedim get, sakitləşib qayıdarsan. Mən onu evdən sağlam yola salmışam. Bacım mənə sonra zəng etdi ki, Ədil marketin yanında yıxılıb qalıb. Durub oraya getdim, onu yerdə uzanıqlı, üst-başı palçıqlı vəziyyətdə gördüm.

"Yatmaq istəyirəm, durmağa gücüm yoxdur", - dedi. Mən gələnə kimi o küçədə Ədilə nə olub, bilməmişəm. Onu qaldırmağa gücüm yox idi, məcbur qonşunun əl arabasını gətirdilər, tanışımız Səbuhi onu qucağına alıb arabaya qoydu, birtəhər Ədili götürüb evə gətirdik. Susuzluqdan yandığını deyib su istədi. Səbuhi kömək edib onun palçıqlı paltarlarını çıxaranda dedi ki, onun bədəni bütün yaradır, salamat yeri yoxdur. Tez həkim çağırdıq. Ona kimi əlimdən gələni süni nəfəs, filan etdim. Sonra anası Raya xanıma zəng etdim ki, Ədil yaralıdır, gəlin kömək edin, uşaqlarla təkəm. Mənim sübutlarım da var, şahidlərim, kamera görüntülərim də var. Mən bu işin ədalətli araşdırılmasını istəyirəm".

Daha sonra növbəti məhkəmə prosesi fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub.

Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью