Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili partiyanın mərkəzi ofisində keçirdiyi brifinqdə bildirib.
“Mən şadam ki, partiyanın siyasi şurasının qərarına əsasən, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm”, - deyə o qeyd edib.
İvanişvili bildirib ki, hələ siyasi karyerasına başlamazdan əvvəl Kavelaşvili “ölkə üçün vacib olan bütün məsələlərdə barışmaz şəkildə öz prinsipial mövqeyini ifadə edirdi”.
İvanişvilinin sözlərinə görə, son illərə gəlincə, o, parlamentin üzvü olduğu zaman, indiki prezidentliyə namizəd “ölkənin maraqlarının qorunmasına və suverenliyin möhkəmləndirilməsinə böyük töhfə verib”.
İvanişvili həmçinin əmin olduğunu bildirib ki, Kavelaşvili “müvəqqəti olaraq əlindən alınan şərəfi prezidentlik institutuna qaytaracaq” və dekabrın 29-da keçirilən andiçmə mərasimindən sonra isə “prezident tərəfindən xəyanət praktikası, onun konstitusiyanı sistematik şəkildə pozması, prezidentlik institutuna böyük ziyan vurması” keçmişdə qalacaq.
Partiyanın təsisçisinin qeyd etdiyi kimi, Kavelaşvili “xarici qüvvəyə deyil, Gürcüstan dövlətinin və xalqının maraqlarına” xidmət edəcək.