Keçmiş icra başçısı əməliyyat zamanı öldü

26.10.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.

Lent.az bildirir ki, bu barədə onun yaxınları xəbər yayıb. Onun açıq ürək əməliyyatından sonra komadan ayılmadığı məlum olub.

Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olub.

O, Moskva şəhərində Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsində ali təhsil alıb.

Peşəkar fəaliyyətinə jurnalist kimi başlayan T.Yəhyayev “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbir vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. O, jurnalistika sahəsində qazandığı təcrübə ilə yanaşı, siyasi və ictimai fəaliyyəti ilə də tanınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 4 noyabr 1991-ci ildə T.Yəhyayev Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1992-ci il iyunun 2-də, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə, həmin vaxt Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri İsa Qəmbərin sərəncamı ilə vəzifəsindən azad olunub. 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra, 8 noyabr 1993-cü ildə T.Yəhyayev ikinci dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 30 iyul 2000-ci ilədək bu vəzifədə çalışıb.

T.Yəhyayev siyasət və islahatlar mövzusunda bir neçə kitabın müəllifi olub. Üç xarici dildə sərbəst danışdığı bildirilən mərhum dövlət idarəçiliyi, jurnalistika və biznes sahələrindəki fəaliyyəti ilə yadda qalıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən ayrıldıqdan sonra Rusiya Federasiyasında biznes sahəsində çalışıb.

Onun atası Heydər Yəhyayev polkovnik-leytenant rütbəli hərbçi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью