Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Çinin Çjetszyan əyalətinin keçmiş vitse-qubernatoru Qao Sinfu təxminən 29 milyon dollar məbləğində rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
Bu barədə Çinin CCTV telekanalı məlumat yayıb.
Qərara əsasən, edam iki il müddətinə təxirə salınıb.
Müvafiq qərar noyabrın 23-də Tszyansi əyalətinin İçun şəhərinin orta xalq məhkəməsi tərəfindən çıxarılıb. Qao Sinfu həmçinin ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub.
Məhkəmə müəyyən edib ki, məmur 2004–2025-ci illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək şirkət və fiziki şəxslərə tikinti podratlarının əldə edilməsində, fond bazarına çıxışda və biznes fəaliyyətinin həyata keçirilməsində köməklik göstərib. Bunun müqabilində o, şəxsən və ya vasitəçilər vasitəsilə rüşvət alıb.
Məhkəmə rüşvətin məbləğini xüsusilə külli miqdarda, dövlət və ictimai maraqlara vurulan zərəri isə son dərəcə ciddi qiymətləndirib. Bununla yanaşı, hökm çıxarılarkən yüngülləşdirici hallar da nəzərə alınıb. Belə ki, təqsirləndirilən şəxs günahını etiraf edib, peşmançılıq ifadə edib, istintaqa əvvəllər məlum olmayan korrupsiya epizodları barədə könüllü məlumat verib və qanunsuz əldə edilmiş vəsaitlərin geri qaytarılmasına kömək göstərib. /Trend