Keçmiş müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı

19.08.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkədə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb və müharibənin demokratiyanın qarşısını almaq üçün bəhanəyə çevrilməməli olduğunu bildirib.

Modern.az xəbər verir ki, Fedorov bu barədə özünün “YouTube” kanalında yayımladığı videomüraciətdə danışıb.

Onun sözlərinə görə, dövlət hərbçilərin, xaricdə yaşayan milyonlarla ukraynalının, eləcə də cəbhəyanı ərazilərdə yaşayan vətəndaşların səsvermədə iştirakını təmin etməlidir.

“Əgər müharibə daha bir, iki, üç il davam edərsə, Rusiya faktiki olaraq ukraynalıların nə vaxt yenidən öz hakimiyyətlərini seçə biləcəklərini müəyyən etmək hüququnu əldə edə bilərmi? Mən əminəm ki, xeyr. Demokratiya Rusiyanın girovuna çevrilə bilməz. Biz məhz azad Avropa dövləti olaraq qalmaq istədiyimiz üçün müharibə aparırıq”, – deyə keçmiş nazir bildirib.

Fedorov həmçinin vurğulayıb ki, Ukrayna müharibə şəraitində tam səlahiyyətli müdafiə nazirinin rəhbərliyi olmadan qala bilməz. O, ölkənin və demokratiyanın gələcəyi ilə bağlı daha geniş müzakirələrin aparılmasına çağırıb.

Keçmiş nazir istefasına qarşı artıq bir aydır davam edən etirazlara da münasibət bildirib.

“İnsanlar qərarların niyə qəbul edildiyini anlamadıqları bir dövlətdə sonsuzadək yaşaya bilməzlər. Niyə bəzi islahatlar irəliləyir, digərləri isə bloklanır? Cəbhədə bu gün zəruri olan qərarlar niyə aylarla kabinetlərdə dolaşır? Xüsusilə təhlükəlidir ki, cəmiyyətdə insanın vəzifəyə təyin olunmasında əsas meyarın onun peşəkarlığı, nəticəsi və ölkəni dəyişmək bacarığı deyil, sistemə şəxsi sədaqəti olduğu qənaəti yaransın”, – Fedorov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna institutların soyadlardan daha güclü, nəticənin siyasi sədaqətdən daha vacib olduğu və korrupsiyaya qarşı mübarizənin ölkənin gələcəyinin təminatı sayıldığı dövlət qurmalıdır.

Qeyd edək ki, Mixail Fedorov iyulun 31-də müharibə dövründə Prezident Vladimir Zelenskiyə qarşı siyasi müxalifətdə olmayacağını açıqlayıb. Bununla belə, o, müdafiə naziri vəzifəsi istisna olmaqla, hökumətə qayıtmağa razı olmayacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью