Keçmiş müstəntiqdən aparıcı Adanın ölümü ilə bağlı ÇAĞIRIŞ

23.11.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Avtomobil yüksək təhlükə mənbəyidir. O, "qadan alım, başına dönüm" tanımır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Ada Süleymanın avtoqəza nəticəsində ölməsi ilə bağlı paylaşım edən keçmiş müstəntiq Müşfiq Abbasov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Çin istehsalı olan avtomobili yük maşını arxadan vurub və nəticədə sərnişin qismində maşında olan aparıcı sürücü ilə birlikdə ölüb:

"Bəziləri qəzanın səbəbi kimi Çin avtomobilini günahlandırır. Amma burada cəmi bir səbəb var. O da insan, həm də içkili vəziyyətdə avtomobil idarə edən insan...Həmin insan tank da idarə etsə, qəza qaçınılmazdır. Yadıma kənd toylarında cavanların spirtli içki qəbul edib avtomobil idarə etmələri və həmin karvanda baş verən qəzalar düşür. İnsan gərək özü ilə bərabər başqalarını da düşünsün".

Sürücülərə çağırış edən M. Abbasov qeyd edib ki, sükan arxasında oturan hər kəs diqqətli olmalıdır, yoxsa peşmançılıq qaçılmazdır. 

"Baxın, iki gənc ömür yarımçıq qaldı, xəyallar qırıldı və puç oldu. Bir gəncin məsuliyyətsizliyi özü ilə bərabər digərinin də həyatına son qoydu. Bu hadisə bütün sürücülərə bir daha xatırlatmalıdır ki, yüksək sürət, içkili halda avtomobil idarə etmək, sükan arxasında telefonla oynamaq, canlı yayım açmaq, yuxulamaq, fikirə getmək can alır. Diqqətli olaq ki, diqqət çəkməyək", - keçmiş müstəntiq əlavə edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью