Keçmiş nazir aeroportda saxlanıldı Korrupsiyada ittiham olunur…

12.11.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Serbiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ölkənin keçmiş iqtisadiyyat naziri və "Belqrad Elektrik Stansiyaları" şirkətinin sabiq direktoru Rade Basta səhər saatlarında Belqrad hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb.

Balkan ölkələrinin aparıcı media qurumlarının yaydığı məlumata görə, Baş Prokurorluq Rade Bastanı korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilir.

Aparılan ilkin istintaq zamanı müəyyən edilib ki, Basta "Belqrad Elektrik Stansiyaları"na rəhbərlik etdiyi dövrdə şirkətə təqribən 135 min ABŞ dolları məbləğində ziyan vurub. Vəsaitlərin müxtəlif idman klublarına "ianə" adı altında şirkət büdcəsindən qanunsuz olaraq çıxarıldığı və mənimsənildiyi bildirilir.

“Blic” qəzetinin məlumatına əsasən, sabiq nazirlə birlikdə şirkətin maliyyə direktoru Draqiitsa İkodinoviç və qeyd olunan korrupsiya sxemində əli olan dörd idman assosiasiyasının nümayəndəsi də həbs olunub.

Rade Bastanın saxlanılması Serbiya siyasi kulislərində geniş əks-səda doğurub. O, 2022–2023-cü illərdə Aleksandar Vuçiç hökumətində iqtisadiyyat naziri postunu tutub. Lakin onun hökumətdən qovulması və müxalifətə keçməsi kifayət qədər səs-küylü olub.

Basta nazir işlədiyi dövrdə Serbiyanın Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsini açıq şəkildə tələb etmiş və bu sərt mövqeyinə görə kabinetdən uzaqlaşdırılmışdı. Hökumətdən uzaqlaşdırıldıqdan sonra o, açıq şəkildə Avropa İttifaqı ilə inteqrasiyanı dəstəklədiyini bəyan edib, həmçinin Vuçiç hakimiyyətinin istefasını tələb edən tələbə etiraz aksiyalarına qoşulmuşdu.

İndi sabiq nazirin məhz ölkədən qaça biləcəyi ehtimalı ilə aeroportda saxlanılması və ağır korrupsiya ittihamları ilə üzləşməsi onun siyasi karyerasına son qoymaqla yanaşı, daxili siyasi gərginliyi daha da pik həddə çatdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью