Keçmiş nazir edam cəzasına məhkum edildi

02.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində keçmiş ədliyyə naziri Tanq Yicün, rüşvət ittihamı ilə mühakimə olunduğu iş üzrə ölüm cəzasına məhkum edilib.

"Cebheinfo.az" xəbər verir ki, Futszyen əyalətinin Syamen şəhərində keçirilən məhkəmə prosesində Tanqın 2006–2022-ci illər arasında əyalət rəhbərliyi və nazirlik vəzifələrində çalışdığı dövrdə 137 milyon yuan (təxminən 19,7 milyon dollar) məbləğində rüşvət aldığı müəyyənləşdirilib. 

Məhkəmə qərarında bildirilir ki, Tanq şirkətlərin birjaya çıxarılması, torpaq məsələləri, bank kreditləri və məhkəmə proseslərinin icrası ilə bağlı fiziki və hüquqi şəxslərə rüşvət qarşılığında qanunsuz üstünlüklər təmin etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Bu əsaslarla keçmiş nazirə 2 il təxirə salınmaqla ölüm cəzası verilib.Çin qanunvericiliyinə görə, Tanq bu 2 il ərzində yeni cinayət törətməzsə, cəzası ömürlük həbs ilə əvəz olunacaq.
Tanq barəsində “partiya intizamını və qanunları ciddi şəkildə pozma” şübhəsi ilə 2024-cü ilin aprelində istintaq başladılmış, 2025-ci ilin fevralında isə rüşvət ittihamı ilə məhkəməyə verilib.

Karyerasının 40 ilini Tsıtszyan əyalətində müxtəlif idarəçilik vəzifələrində keçirən 64 yaşlı Tanq, 2017-ci ildə Lyaonin əyalətində partiya katibinin müavini, 2018-ci ildə isə həmin əyalətin qubernatoru olub.

O, 2020–2023-cü illərdə Ədliyyə Nazirliyi vəzifəsində çalışdıqdan sonra Tszyansu əyaləti Yerli Xalq Siyasi Məşvərət Konfransının sədri seçilmişdi.

Tanq Çində korrupsiya istintaqına cəlb edilən üçüncü Ədliyyə naziri olub.2005–2017-ci illərdə 12 il Ədliyyə naziri vəzifəsini icra edən Vu Ayyin, 2017-ci ildə korrupsiya istintaqından sonra partiyadan xaric edilib.

Ondan sonra vəzifəyə gələn Fu Tsinxua isə 2022-ci ildə “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə 2 il təxirə salınmaqla ölüm cəzasına məhkum edilmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью