Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Kosovo münaqişəsi zamanı törədilmiş cinayətlərlə bağlı Haaqa Xüsusi Məhkəməsi Kosovo Respublikasının keçmiş prezidenti Haşim Taçini 25 il müddətinə azadlıqdan məhrum edib.
Bakıvaxtı.az xəbər verir ki, "RİA"nın yaydığı məlumata görə, məhkəmə Taçini ən azı 303 nəfərə işgəncə verməkdə, 96 nəfərin qətlində, habelə qanunsuz və ya özbaşına həbs və saxlamada, qəddar rəftarda təqsirli bilib.
Hakim Çarlz Smit bildirib ki, təyin olunan cəza Taçinin həbsdə keçirdiyi müddət də nəzərə alınmaqla hesablanacaq.
Taçi insanlığa qarşı cinayət ittihamları üzrə bəraət alıb.
Məhkəmə həmçinin Kosovo parlamentinin keçmiş spikerləri Kadri Veseli və Yakup Krasniqini, eləcə də keçmiş deputat Rəcəb Səlimini müharibə cinayətlərində təqsirli bilib.
Hakim qeyd edib ki, dörd təqsirləndirilən şəxsin hamısı birgə cinayətkar fəaliyyət çərçivəsində törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, fevral ayında Kosovo üzrə Xüsusi Tribunalın prokurorları Haşim Taçi, Kadri Veseli, Yakup Krasniqi və Rəcəb Səliminin hər birinə 45 il həbs cəzası verilməsini tələb etmişdi. Onlar 1998–1999-cu illərdə Kosovo və Metohiyada baş vermiş münaqişə zamanı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunurdular.
Murad İsmayıl