Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rumıniyanın keçmiş prezidentliyə namizədi Kalin Georgesku mütəşəkkil cinayətkar qrup yaratmaq və xüsusilə ağır nəticələrə səbəb olan dələduzluq işi çərçivəsində saxlanılaraq dindirilməyə aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DIICOT) məlumat yayıb.
Bildirilib ki, sentyabrın 21-də Buxarest, Mogoşoaia, Ciolpani və Buftea şəhərlərində beş ünvanda axtarış aparılıb.
Georgeskunun avtomobil idarə etdiyi zaman saxlanıldığı, daha sonra Mogoşoaia şəhərindəki evinə aparıldığı bildirilir. İstintaqın dələduzluq nəticəsində 1,1 milyon avrodan çox zərərin vurulması ilə bağlı olduğu qeyd edilir.
DIICOT-un məlumatına görə, araşdırma 2021-ci ilin sentyabrında yaradıldığı iddia edilən mütəşəkkil cinayətkar qrupla bağlıdır. İstintaq materiallarında iki Rumıniya vətəndaşı və bir İtaliya vətəndaşının adı çəkilir. Onların Rumıniya və Böyük Britaniyada fəaliyyət göstərdiyi bildirilir.
İstintaqa əsasən, qrup üzvləri biznesmenlərə xarici banklardan milyonlarla avro məbləğində maliyyələşmə əldə edə biləcəklərini vəd edib, bunun müqabilində maliyyə təminatı tələb ediblər. Nəticədə zərərçəkmiş şəxsin 1,1 milyon avrodan çox vəsait köçürdüyü bildirilir.
Qeyd edək ki, Kalin Georgesku 2024-cü ildə Rumıniyada keçirilən prezident seçkilərində iştirak edib. O, seçkilərin birinci turunda ən çox səs toplasa da, Rumıniya Konstitusiya Məhkəməsi seçki nəticələrini ləğv edib və seçkilər 2025-ci ildə yenidən keçirilib.
Hazırkı istintaq üzrə şəxslərin təqsiri hələ məhkəmə tərəfindən təsdiqlənməyib və onlar qanunvericiliyə uyğun olaraq təqsirsizlik prezumpsiyasından yararlanırlar.
Murad İsmayıl