Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Masallı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az bildirir ki, hakim Elşən Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilib və Alim Əsədov cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti alına vermə qətimkan tədbiri ləğv olunub.
İstintaq materiallarına əsasən, Alim Əsədov Masallı Rayon Polis Şöbəsinin Əməliyyat rabitə qrupunda kiçik inspektor vəzifəsində çalmış, polis baş serjantı rütbəsinə malik şəxs olmuşdur və qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq edib.
Məlumata görə, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək Masallı rayonu, Bədəlan kənd sakini olan zərərçəkmiş Habil Yusifovun (adı, soyadı şərtidir) arvadının dayandırılmış pensiyasını bərpa etdirəcəyinə inandırıb. O, bu məqsədlə yalan vədlər verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan zərərçəkmiş şəxsin etibarını qazanıb.
Belə ki, 26 iyul 2022-ci il tarixdə Masallı rayonu, Dəmirçi kənd qəbiristanlığının qarşısında zərərçəkmiş şəxsdən 2000 manat, 10 avqust 2022-ci il tarixdə isə Masallı rayonu, Sənaye məhəlləsinin qarşısında daha 2000 manat pul alaraq, vahid niyyətlə ümumilikdə 4000 manat məbləğində pul vəsaitini ələ keçirib. Nəticədə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.
Məhkəmə iclasında Alim Əsədov özünü təqsirli bilib. O ifadəsində deyib ki, istintaq zamanı verdiyi ifadəni tam təsdiq edir və törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxsin sözlərinə görə, Habil Yusifovla əvvəllər tanış olmayıb, onlar başqa şəxs vasitəçi vasitəsilə tanış olublar. Həmin şəxs o dövrdə Masallı Rayon Mərkəzi Xəstəxanasında qeyri-rəsmi olaraq baş həkimin yanında çalışıb.
Alim Əsədov bildirib ki, ilkin razılaşmaya əsasən məsələni 3000 manat qarşılığında həll etməyi öhdəsinə götürsə də, zərərçəkmiş şəxsin kredit götürərək faiz ödəməsi səbəbindən ona 4000 manat maddi ziyan dəydiyini qəbul edib. O qeyd edib ki, zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 3000 manat pul alıb, həmin məbləğin 1264 manatını sonradan geri qaytarıb, 1736 manat isə qaytarılmayıb.
Təqsirləndirilən şəxs həmçinin söyləyib ki, Tibbi Sosial Ekspert Komissiyasına müraciətin elektron qaydada həyata keçirildiyini bildiyindən pensiyanın bərpasının yalnız sənədlər əsasında mümkün olduğunu anlayıb, lakin həmin vaxt nəticənin dəqiq olub-olmayacağını bilməyib. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını, vurulmuş maddi ziyanın tam ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə araşdırmaları zamanı Alim Əsədovun təqsiri onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiqini tapıb.
(pravda.az)