Keçmişdən qurtula bilməmək PROBLEMİ

20.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsanların keçmişdə yaşadıqları hadisələri, verdikləri qərarları və etdikləri səhvləri tez-tez xatırlaması, bəzən isə illər keçməsinə baxmayaraq özlərini günahlandırmağa davam etməsi psixoloji baxımdan diqqət çəkən məsələlərdəndir. 

Xüsusilə insanın “Kaş belə etməzdim”, “Kaş başqa cür qərar verərdim” kimi düşüncələrə qapılması onun indiki həyatına və emosional vəziyyətinə də təsirsiz ötüşmür. 

Bəs insanlar niyə keçmişin təsirindən çıxa bilmir və özlərini davamlı günahlandırırlar?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insan keçmişi indiki düşüncə və təcrübəsi ilə qiymətləndirir:


“Vaxtında verdiyi qərarları bu gün əldə etdiyi biliklə mühakimə edir və sanki həmin dövrdə də indiki imkanlara sahib olduğunu düşünür. Özünü günahlandırmanın əsas səbəbləri peşmanlıq, nəzarət ehtiyacı, mükəmməllik tələbi və baş verənləri dəyişdirmək arzusudur.

İnsan bəzən özünü günahlandırmaqla hadisənin səbəbini tapmağa, gələcəkdə eyni səhvi təkrarlamamağa və baş verənlər üzərində nəzarət hissini bərpa etməyə çalışır. Lakin keçmişi təkrar düşünmək hər zaman həllə aparmır.

Bəzən insan eyni hadisəni təkrar yaşayır, amma heç bir yeni nəticə əldə etmir. Keçmişə davamlı qayıtmaq insanın diqqətini indiki həyatdan uzaqlaşdırır, psixoloji gərginliyi artırır, özünə inamı zəiflədir və qərarvermə qabiliyyətinə mənfi təsir göstərir."

Onun sözlərinə görə, davamlı günahkarlıq insanı səhvindən nəticə çıxarmaqdan uzaqlaşdıraraq özünü cəzalandırmağa yönəldir:

“İnsan zamanla yaşadığı hadisə ilə özünü eyniləşdirir, keçmişdəki qərarlarını şəxsi dəyərinin göstəricisi hesab edir və gələcək imkanlarını da həmin düşüncələrlə məhdudlaşdırır.

Bu düşüncələrdən çıxmaq üçün keçmişdə baş verənləri dəyişdirmək cəhdini dayandırmaq, hadisəni olduğu kimi qəbul etmək və diqqəti hazırda dəyişdirilməsi mümkün olan məsələlərə yönəltmək lazımdır”.

Psixoloq qeyd edib ki, insan özünə konkret suallar verməlidir:

“Nə baş verdi, mənim məsuliyyətim nə idi, hansı nəticəni çıxardım və bu gün nəyi fərqli edə bilərəm? Səhvi qəbul etmək məsuliyyətdir, özünü sonsuz günahlandırmaq isə psixoloji cəzadır.

Keçmiş dəyişmir, lakin insanın ona münasibəti, bugünkü qərarları və gələcək davranışı dəyişir”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью