525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Kreditlərinin həcmi istehlak kreditlərindən təxminən 1,7 dəfə çoxdur. Bu isə iqtisadi baxımdan müsbət məqam hesab oluna bilər. Çünki biznes kreditləri yeni istehsalın, xidmətlərin, investisiyaların və dövriyyə kapitalının maliyyələşdirilməsinə yönəldilir və nəticədə iqtisadi aktivliyə, eləcə də məşğulluğa töhfə verir".
Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli deyib. Ekspert bildirib ki, kreditlərin artım tempinə baxdıqda fərqli mənzərə görünür:
"2024-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 8,45 milyard manatdan 9,78 milyard manata, yəni təxminən 15,8 faiz artıb. Biznes kreditləri isə həmin dövrdə 14,79 milyard manatdan 16,40 milyard manata yüksələrək təxminən 10,9 faiz artıb. Başqa sözlə, istehlak kreditləri biznes kreditlərindən daha sürətlə böyüyür”.
E.Kərimli qeyd edib ki, bu tendensiyanın səbəblərindən biri əhalinin avtomobil, məişət texnikası, təmir, təhsil və digər şəxsi ehtiyaclarını kredit hesabına maliyyələşdirməsinin genişlənməsidir.
“Eyni zamanda inflyasiya və yaşayış xərclərinin artması fonunda bəzi ailələrin cari istehlakını qorumaq üçün borclanmaya daha çox müraciət etməsi də istisna deyil”, – deyə o əlavə edib.
Sevinc Qarayeva