Kefini pozma, hər şey yaxşı olacaq!

29.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kefini pozma, hər şey yaxşı olacaq!

Əslində Qurban Qurbanov deyir bunu mənə.

Hələ 2023-cü ildir. İndiki 2026-cı ilin yayında onun və klubu “Qarabağ”ın üzərinə sosial mediada sel kimi gələn bugünkü hücuma 3 il var. Halbuki o hücumlar elə onda da vardı. Yəni ilk deyil, heç son da olmayacaq.

Polşada “Rakuv”la oyunda “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzub. Bakıya qayıdanda üzümdəki bərk məyusluğu dərhal hiss edir və mənə təsəlli olmağa çalışır. Özünün təsəlliyə, dəstəyə ehtiyacı olduğu anda.

Amma cavab matçında yenə uğursuzluq olur, “Qarabağ” Çempionlar Liqasından Avropa Liqasına düşür.

Yadıma bircə həftə əvvəl Qurbanovun söylədiyi sözlər düşür: “Kefinə pozma, hər şey yaxşı olacaq!”

Onda olmur, amma 6 ay sonra olur.

“Qarabağ” Avropa Liqasında futbolumuz üçün o vaxt tayı-bərabəri olmayan bir nəticəyə imza atır: qrup mərhələsindən “pley-off”a, oradan isə 1/8 finala yüksəlir. Xabi Alonsonun o vaxt dünyaya səs salan “Bayer”ini Bakıya gətirir, hər iki matçda dirənişi, cəsarəti və mübariz oyunu ilə fərqlənir komanda.

2 il sonra “Qarabağ” atlarının sədası artıq Avropada minlərlə klubun oynamaq istədiyi, amma cəmi 36 komandanın çıxış etməyi bacardığı Çempionlar Liqasının Liqa mərhələsindən gəlir. O mərhələni də aşaraq “pley-off”a yüksəlir.

Və bu uğur göydən zənbillə düşmür. Bunun üçün təkcə əziyyət, dürüst, doğru iş də kifayət etmir: bunların hamısını zaman, zaman və bir də zaman müəyyən edir.

Və zaman həm də imtahandır: azarkeşin vəfasının, sadiqliyinin hara qədər olduğunu sınağa çəkir…

... İndi məyusuq. 

“Qarabağ” 12 ildən sonra Avropa kuboklarında əsas mərhələyə düşməyib.

Komanda 12 ildir getdiyi uğurlu yolda dayanıb. Amma o yol bitməyib də.

Təzədən o yola çıxıb “Qarabağ”. 

Yolun başlanğıcında isə ayağın daşa da dəyəcək, çuxura da düşəcək. 

Çünki yeni komanda qurulur. Onu quran isə məhz bugünkü “Qarabağ”ı quran adamdır.

Bugünkü “Qarabağ”ı quran klubdur.

Ona görə də çox yox, bir az səbr lazımdır.

Qurban Qurbanovdakı səbrin bir damlası qədər.

Onda görəcəksiniz ki…

… Hər şey yaxşı olacaq!

Aydın Bağırov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью