Kəlağayı Bayramı davam edir

25.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı Bayramı” keçirilib. 

Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi və  Bakı Gənclər Mərkəzinini, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.  

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı Azərbaycan kəlağayısının xalqımızın milli-mənəvi irsinin ayrılmaz hissəsi olduğunu bildirib.

 O qeyd edib ki, kəlağayı əsrlər boyu Azərbaycan qadınının zərifliyini, ismətini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan müqəddəs örpək kimi bu gün də böyük hörmətlə qorunur. Güllü Eldar Tomarlı çıxışında vurğulayıb ki,  Mirvarid Dilbazi Poeziya Məclisi İB-də Azərbaycan Kəlağayısı Günü daha geniş məzmunda “Kəlağayı Bayramı” kimi qeyd olunmağa başlanıb və artıq ənənə halını alıb. O, milli sərvətimiz olan kəlağayının təbliği, gələcək nəsillərə sevdirilməsi və beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən, keçirilən festival və layihələrdən danışıb.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Azərbaycan kəlağayısının milli-mədəni irsimizdə xüsusi yer tutduğunu söyləyib. O, belə tədbirlərin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, xalqımızın zəngin mədəni irsinin təbliğində və qorunmasında mühüm rol oynadığını vurğulayıb. 

Tədbir çərçivəsində foyedə Kəlağayı Ev Muzeyinin qədim və müasir kəlağayılardan ibarət zəngin sərgi nümayiş etdirilib. 

Bununla yanaşı, kəlağayı mövzusunda rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, rəssam Sehran Allahverdinin “Kəlağayı” kompozisiyası, Güllü Eldar Tomarlının əl işlərindən ibarət dekorativ-tətbiqi sənət nümunələri, eləcə də İctimai Birliyin nəzdində kəlağayı haqqında işıq üzü görmüş 12 kitab iştirakçıların böyük marağına səbəb olub. Sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycan kəlağayısının tarixi, sənətkarlıq ənənələri, estetik gözəlliyi və milli kimliyimizin rəmzi kimi daşıdığı dəyərləri əks etdirib. Bayram proqramında Azərbaycan kəlağayısının tarixindən, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin əhəmiyyətindən, milli irsimizin qorunması və təbliği istiqamətində görülən işlərdən bəhs olunub. 

Qeyd edilib ki, kəlağayı yalnız geyim elementi deyil, xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan mühüm milli sərvətdir. Tədbir boyunca çıxışlar, bədii kompozisiyalar və milli musiqi nömrələri böyük maraq və alqışlarla qarşılanıb.  “Kəlağayı Bayramı”nın davamı 26 noyabr tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью