Kəlağayı bayramı silsilə tədbirləri

03.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Milli QHT Forumunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə xalqımızın qədim milli-mədəni irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib. Dövlət himni səsləndirildikdən,  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  Birliyin sədri Güllü Eldar Tomarlı milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən danışıb. 

Kəlağayı Ev Muzeyinin direktoru, tədqiqatçı-yazıçı Güllü Eldar Tomarlının "Kəlağayı bayramı", gürcü və rus dillərində çap olunmuş "Kəlağayı milli sərvətimizdir" kitabları ictimaiyyətə təqdim edilib. 

Tədbir çərçivəsində Kəlağayı Ev Muzeyinin fonduna məxsus əsrlərin yadigarı olan qədim kəlağayılar, həmçinin müasir ustaların hazırladıqları nadir kəlağayı nümunələrindən ibarət zəngin sərgi nümayiş olunub. Ziyarətçilər kəlağayı mövzusunda nəşr olunmuş kitablarla tanış olub, milli-mədəni irsimizi əks etdirən videoçarxı izləyiblər. 

Çıxış edənlər Azərbaycan kəlağayısının xalqımızın mənəvi dəyərlərinin, milli kimliyinin və qadın zərifliyinin rəmzi olduğunu vurğulayaraq bu irsin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, 26 noyabr – Azərbaycan Kəlağayısı Günüdür. Bu əlamətdar gün münasibətilə hər il noyabr ayı ərzində ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. 2014-cü ildə Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayının təbliği istiqamətində həyata keçirilən layihələr daha da geniş vüsət almış, "Sazlı, sözlü kəlağayı günləri" çərçivəsində çoxsaylı mədəni tədbirlər təşkil edilmişdir.

Milli QHT Forumunda keçirilən bu tədbirlə 2026-cı il üzrə "Kəlağayı bayramı" silsilə tədbirlərinə start verilib. Noyabr ayı ərzində ali təhsil müəssisələrində və müxtəlif mədəniyyət ocaqlarında tədbirlər  davam edəcək . 

XQ

                                                               XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью