Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən, zəngin tarixi və füsunkar təbiəti ilə seçilən diyarlarından biridir. Uca dağları, yaşıl meşələri, saf bulaqları, mineral suları və tarixi abidələri ilə tanınan bu torpaq xalqımızın yaddaşında xüsusi yer tutur. Kəlbəcər həm də milli-mənəvi dəyərlərimizin, qədim mədəniyyətimizin və Vətən sevgisinin rəmzidir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər doğma sakinlərindən ayrı düşmüşdür. 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərdən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilmişdir. Bu əlamətdar tarix xalqımızın yaddaşında doğma yurda qayıdışın, tarixi torpaqlarımızda yenidən həyatın başlanmasının rəmzi kimi yaşayır. Kəlbəcər Şəhəri Günü münasibətilə keçirilən tədbirlərdə rayonun tarixi, mədəniyyəti, incəsənəti və milli irsi nümayiş etdirilir. 2025-ci ildə bu gün ilk dəfə Kəlbəcərin özündə geniş mədəni proqramla qeyd olunmuşdur. Konsertlər, sərgilər, tamaşalar və müxtəlif tədbirlər şəhərin mədəni həyatının canlanmasına töhfə verir.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Uzun illər ərzində dağıdılmış yaşayış məntəqələri, yollar, elektrik və rabitə infrastrukturu yenidən qurulur. Əsas məqsəd doğma yurdlarından didərgin düşmüş insanların rahat və təhlükəsiz şəkildə öz torpaqlarına qayıtmasını təmin etməkdir. Şəhərin gələcək inkişafı üçün 2040-cı ilədək Baş Plan hazırlanaraq təsdiq edilmişdir. Həmin plana əsasən, Kəlbəcərin ərazisinin təxminən 290 hektara çatdırılması və əhalisinin 17 min nəfərə qədər artması nəzərdə tutulur. Şəhərdə yeni yaşayış binaları, fərdi evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və istirahət obyektlərinin tikintisi planlaşdırılıb. Yaşıllıq sahələrinin genişləndirilməsi və müasir şəhər infrastrukturunun yaradılması da diqqət mərkəzindədir.
Kəlbəcərdə görülən ən mühüm işlərdən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır. Yeni inşa edilən yaşayış komplekslərində ailələr üçün müasir və rahat mənzillər hazırlanmışdır. 524 ailə üçün nəzərdə tutulan yaşayış kompleksində çoxmənzilli binalar və fərdi evlər tikilir. Burada parklar, uşaq meydançaları, idman sahələri və sosial-məişət obyektləri də yaradılır. İnsanların illərdir həsrətində olduqları doğma torpaqlara qayıtması Kəlbəcərin yenidən dirçəlişinin ən mühüm göstəricilərindəndir.
Kəlbəcərin inkişafı üçün yol və enerji infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və tunel layihələri bölgənin digər ərazilərlə nəqliyyat əlaqəsini yaxşılaşdırmağa xidmət edir. Rayonda bir sıra kiçik su elektrik stansiyaları və yarımstansiyalar istifadəyə verilmişdir. Bu layihələr elektrik enerjisi təminatının gücləndirilməsinə və yaşıl enerjidən istifadənin genişləndirilməsinə imkan yaradır. Bununla yanaşı, məşhur İstisu mineral bulaqlarının potensialından istifadə, turizmin inkişafı, arıçılıq və kənd təsərrüfatının bərpası istiqamətində də işlər görülür. Kəlbəcərin təbii sərvətləri gələcəkdə rayonun iqtisadi inkişafına mühüm töhfə verə bilər.
Kəlbəcər yalnız təbii gözəllikləri ilə deyil, həm də qədim tarixi və mədəni abidələri ilə tanınır. Xudavəng monastır kompleksi, qədim qalalar, türbələr və qayaüstü təsvirlər bu diyarın zəngin keçmişindən xəbər verir. Kəlbəcər həm də aşıq sənətinin inkişaf etdiyi mühüm mədəniyyət mərkəzlərindən biridir. Bu torpağın yetirdiyi sənətkarlar Azərbaycan musiqi və ədəbiyyatına dəyərli töhfələr vermişlər. Şəhərin yenidən qurulması ilə yanaşı, onun tarixi-mədəni irsinin qorunması da böyük əhəmiyyət daşıyır.
Kəlbəcər bu gün yeni inkişaf və quruculuq mərhələsini yaşayır. Bir zamanlar həsrət qaldığımız bu torpaqda yeni evlər tikilir, yollar salınır, məktəblər və sosial obyektlər yaradılır, insanlar doğma yurdlarına qayıdırlar. 25 noyabr – Kəlbəcər Şəhəri Günü yalnız bir tarixi hadisənin qeyd olunması deyil, həm də xalqımızın doğma torpağa bağlılığının, qayıdış arzusunun və quruculuq əzminin ifadəsidir. Kəlbəcərin hər yeni binası, çəkilən hər yolu, salınan hər parkı bu qədim diyarın yenidən həyata qayıdışının göstəricisidir. Əminliklə demək olar ki, Kəlbəcər öz tarixi gözəlliyini qoruyaraq müasir və inkişaf edən şəhərlərimizdən birinə çevrilmək yolunda irəliləyir. Kəlbəcər bizim tariximiz, qürurumuz, əbədi yurdumuz və gələcəyə uzanan ümidimizdir!
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı