Kəlbəcər balı Avropa bazarına çıxır Deputat açıqladı

19.09.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Hazırda Kəlbəcərdə istehsal olunan balın dünya bazarına və daha geniş coğrafiyaya çıxarılması istiqamətində işlər görülür".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycan balının ixracı, xüsusilə aqrar məhsulların ixracı artıq yeni prioritetlərdən biridir:

“Avropa İttifaqı bu kontekstdə vacib bazarlardandır. Söhbət 450 milyon istehlakçısı olan bir bazardan gedir. Bu bazarda alıcılıq qabiliyyəti kifayət qədər yüksəkdir. Amma Avropa İttifaqı bazarına çıxmaq üçün yeni standartların tətbiqi vacibdir. Çünki Avropa İttifaqının müəyyən standartları var”.

Vüqar Bayramovun sözlərinə görə, bu istiqamətdə həm texniki dəstək, həm də maarifləndirmə nəzərdə tutulur:

“Söhbət yerli fermerlərin biliklərinin artırılmasından və texniki dəstəyin həyata keçirilməsindən gedir. Proqram da bu istiqamətdə sistemli fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutan bir sənəddir. Ona görə gözlənti ondan ibarətdir ki, standartların tətbiqi və bu istiqamətdə görülən işlər növbəti mərhələdə daha çox arıçılıq məhsulunun və balın dünya bazarına çıxarılmasına imkan yaradacaq”.

Deputat vurğulayıb ki, hədəf növbəti illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracını 4 dəfə artıraraq 6 milyard dollara çatdırmaqdır:

“Bu da kənd təsərrüfatında müxtəlif məhsulların dünya bazarına çıxarılmasını zəruri edir”.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью