“Kəlbəcər bu gün ikinci həyatını yaşayır“ SAHİBƏ QAFAROVA

24.11.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 25-də ölkəmizdə Kəlbəcər Şəhəri Günü qeyd olunacaq. Kəlbəcərin erməni işğalından azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi və diplomatik Zəfərinin nəticəsidir.

SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 24 noyabr 2026-cı il tarixli plenar iclasında çıxışı zamanı deyib.

Sahibə Qafarova qeyd edib ki, işğaldan azad edilmiş digər rayonlarımız kimi, Kəlbəcər də bu gün ikinci həyatını yaşayır. Rayonda bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Spiker, həmçinin noyabrın 18-dən 20-dək Türkmənistana həyata keçirilən işgüzar səfər barədə məlumat verib. Bildirib ki, Milli Məclisin nümayəndə heyətinin səfərdə məqsədi MDB Parlamentlərarası Assambleyasının Şura iclasında və 61-ci plenar iclasında iştirak etmək olub.

Onun sözlərinə görə, noyabrın 19-da keçirilən Şura iclasında gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, noyabrın 20-də keçirilən plenar iclasda isə birgə təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Sahibə Qafarova çıxışında Milli Məclisin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, humanitar əlaqələrin əhəmiyyətini vurğulayaraq, ötən il Laçın şəhərində MDB-nin Mədəniyyət Paytaxtı ilinin təntənəli açılışı çərçivəsində genişmiqyaslı tədbirlərin keçirildiyini, həmçinin Azərbaycanın yeddi şəhərində III MDB Oyunlarının təşkil olunduğunu xatırladıb.

Spiker deputatların Assambleyanın seçkilərin monitorinqi fəaliyyətində və komissiyalarının iclaslarında fəal iştirak etdiklərini də qeyd edib.

Səfər çərçivəsində Türkmənistanın Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla keçirilən görüşə toxunan Sahibə Qafarova bildirib ki, görüşdə Parlamentlərarası Assambleyanın parlamentlər arasında əməkdaşlığın inkişafına verdiyi töhfə vurğulanıb.

O, həmçinin Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşdə Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı, parlamentlərin dostluq qrupları arasında əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə olunduğunu bildirib.

Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə də parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyini diqqətə çatdırıb. Görüşdə ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti, beynəlxalq parlament qurumlarında qarşılıqlı əlaqələr, iqtisadi və humanitar münasibətlərin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda spiker Türkmənistana işgüzar səfəri uğurlu qiymətləndirərək nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью