Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
2020-ci il noyabrın 25-də Kəlbəcər 27 ildən artıq davam edən işğaldan sonra Azərbaycana qaytarıldı. Azərbaycan Ordusunun hərbi uğurları və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diplomatik səyləri rayonun əlavə hərbi əməliyyatlar keçirilmədən, yeni insan itkilərinə yol verilmədən azad edilməsinə imkan yaratdı. On minlərlə məcburi köçkün üçün uzun illər davam edən gözlənti başa çatdı. Kəlbəcərin qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsinin ən mühüm hərbi-siyasi nəticələrindən birinə çevrildi.
Kəlbəcərin strateji əhəmiyyəti onun ərazisində bir neçə mühüm resursun – su, enerji, mineral və rekreasiya ehtiyatlarının cəmləşməsi ilə şərtlənir. Bununla yanaşı, rayonun Ermənistanla birbaşa sərhəddə yerləşməsi onun inkişafına əlavə geosiyasi məzmun qazandırır.
Uzun illər ərzində Kəlbəcərin dağlıq relyefi onun iqtisadi inkişafını məhdudlaşdıran əsas amillərdən biri hesab olunurdu. Bu gün isə məhz həmin coğrafi məhdudiyyətlərin aradan qaldırılması yeni inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Murovdağ tunelinin inşası, Ağdərə və Laçın istiqamətində avtomobil yollarının müasirləşdirilməsi, Laçın Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması Azərbaycanın qərb hissəsində nəqliyyat konfiqurasiyasını tədricən dəyişdirir.
Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşü zamanı səsləndirdiyi “Biz Kəlbəcəri ölkəmizin qərb bölgəsi ilə birləşdiririk” fikri də təsadüfi deyil. Bu bəyanat regionun gələcək inkişafının əsas istiqamətlərindən birini ifadə edir.
Bu yanaşmanın arxasında daha geniş iqtisadi məntiq dayanır. Gəncə, Kəlbəcər, Laçın və Şərqi Zəngəzurun digər rayonları arasında vahid nəqliyyat şəbəkəsinin formalaşdırılması Azərbaycanın ənənəvi sənaye mərkəzlərindən kənarda yeni iqtisadi fəallıq zonalarının yaranmasına şərait yaradır. Perspektivdə bu proses paytaxtla regionlar arasında mövcud iqtisadi fərqlərin azaldılmasına da töhfə verə bilər.
Kəlbəcərin strateji əhəmiyyətini müəyyən edən digər mühüm amil su ehtiyatlarıdır. Qlobal iqlim dəyişikliklərinin dərinləşdiyi bir şəraitdə şirin suya çıxış milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilir. Tərtərçayın mənbələrinin yerləşdiyi Kəlbəcər su təchizatı, kənd təsərrüfatı və enerji istehsalı baxımından ətraf ərazilər üçün xüsusi əhəmiyyət daşıyır. Bu ehtiyatların iqtisadi və strateji dəyəri rayonun inzibati sərhədlərindən xeyli kənara çıxır.
Kəlbəcərdə hidroenergetikanın inkişafı Azərbaycanın enerji siyasətində baş verən transformasiya kontekstində də qiymətləndirilməlidir. Əgər onilliklər ərzində ölkənin beynəlxalq iqtisadi əhəmiyyəti əsasən neft-qaz potensialı ilə müəyyən edilirdisə, bu gün bərpaolunan enerji mənbələrinin rolu getdikcə artır. Kəlbəcərdə istismara verilən kiçik su elektrik stansiyaları bu keçidin mühüm tərkib hissəsidir. Onlar yerli təbii resurslardan istifadə etməklə işğaldan azad edilmiş ərazilərin artan enerji tələbatının təmin olunmasına xidmət edir.
Rayonun turizm potensialı da xüsusi diqqətə layiqdir. İstisu kurortunun dirçəldilməsi, Naftalanın kurort infrastrukturu və Laçının dağ turizmi imkanları ilə birlikdə vahid turizm istiqamətinin formalaşdırılması üçün əlverişli zəmin yaradır. Belə bir turizm marşrutu gələcəkdə Cənubi Qafqazın digər kurort mərkəzləri ilə rəqabət aparmaq potensialına malikdir. Azərbaycan üçün bu, xidmət ixracının genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun gəlir mənbələrinin artırılması baxımından yeni imkanlar deməkdir.
Bununla belə, Kəlbəcərin gələcək inkişafının ən maraqlı istiqamətlərindən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması perspektivi ilə bağlıdır. Onilliklər ərzində Cənubi Qafqazın sərhədyanı ərazilərinə əsasən hərbi təhlükəsizlik prizmasından yanaşılırdı. Davamlı sülh şəraitində isə bu ərazilərin iqtisadi inkişaf məntiqi dəyişə, onların investisiya cəlbediciliyi yüksələ, ekologiya, su ehtiyatlarının idarə olunması və turizm sahələrində əməkdaşlıq üçün yeni imkanlar yarana bilər.
Bu baxımdan Kəlbəcər keçmişdə silahlı qarşıdurmanın mərkəzində yerləşmiş yüksək dağlıq sərhəd rayonunun müstəqil iqtisadi əhəmiyyətə malik inkişaf məkanına çevrilməsinin nümunəsi ola bilər.
Kəlbəcərin bərpası təcrübəsi qlobal kontekstdə də maraq doğurur. Beynəlxalq təcrübədə münaqişədən sonrakı yenidənqurma prosesi çox vaxt dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşır. Kəlbəcərdə isə eyni zamanda əhalinin doğma yurdlarına qayıdışı, enerji sektorunun transformasiyası, nəqliyyat təcridinin aradan qaldırılması və rayonun yeni iqtisadi ixtisaslaşmasının formalaşdırılması kimi bir-biri ilə əlaqəli vəzifələr həyata keçirilir.
Bununla yanaşı, aparılan siyasətin uzunmüddətli səmərəliliyini yalnız inşa edilən obyektlərin sayı ilə ölçmək düzgün olmazdı. Əsas meyar regionun özəl kapitalı cəlb etmək, yeni iş yerləri yaratmaq, yerli əhalinin iqtisadi fəallığını artırmaq və dayanıqlı iqtisadi artımı təmin etmək qabiliyyəti olmalıdır.
Əgər keçmişdə Kəlbəcərin strateji əhəmiyyəti əsasən onun coğrafi mövqeyi ilə müəyyən edilirdisə, gələcəkdə bu əhəmiyyət təbii sərvətlərin, insan potensialının və müasir infrastrukturun real iqtisadi inkişaf vasitələrinə çevrilməsindən asılı olacaq. Məhz bu transformasiya Kəlbəcəri yalnız işğaldan azad edilmiş ərazi kimi deyil, Azərbaycanın yeni iqtisadi və geosiyasi arxitekturasında mühüm mövqeyə malik inkişaf mərkəzi kimi formalaşdıra bilər.
Anastasiya Lavrina
Siyasi analitik, YAP Qaradağ rayon təşkilatının fəalı, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi