Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü müasir Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən birini, xalqımızın doğma torpaqlarına qayıdış əzmini və dövlətimizin quruculuq qüdrətini özündə birləşdirir. Bu gün Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşamaqla yanaşı, onun yenidən qurulmasına, müasir və abad yaşayış məkanına çevrilməsinə şahidlik edirik.
Kəlbəcər Azərbaycanın təbii sərvətləri, mineral suları, zəngin flora və faunası, möhtəşəm dağ mənzərələri ilə seçilən nadir bölgələrindəndir. Uzun illər işğal altında qalan rayonun infrastrukturu dağıdılmış, yaşayış məntəqələri viran edilmiş, təbii sərvətləri qanunsuz istismara məruz qalmışdı. Buna baxmayaraq, kəlbəcərlilərin doğma yurda qayıtmaq arzusu heç zaman sönmədi. Azərbaycan dövləti də bu arzunun reallaşması üçün bütün imkanlarını səfərbər etdi.
2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi xalqımızın tarixi qələbəsinin mühüm nəticəsi oldu. Bu hadisə Prezident İlham Əliyevin siyasi iradəsinin, Müzəffər Azərbaycan Ordusunun gücünün və xalqımızın sarsılmaz birliyinin təntənəsi idi. Dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinə çevrildi.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr miqyasına və əhəmiyyətinə görə xüsusi diqqət çəkir. Rayonun nəqliyyat infrastrukturunun yenidən qurulması, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun və Murovdağ silsiləsindən keçən tunelin inşası bölgənin əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Bu layihələr Kəlbəcərin digər rayonlarla əlaqəsini gücləndirməklə yanaşı, iqtisadi və turizm potensialının inkişafına da geniş imkanlar yaradır.
Enerji sahəsində görülən işlər də rayonun dirçəlişində mühüm rol oynayır. Kiçik su elektrik stansiyalarının tikintisi və istifadəyə verilməsi Kəlbəcərin zəngin su ehtiyatlarından səmərəli istifadə edilməsinə, regionun enerji təminatının gücləndirilməsinə xidmət edir. Eyni zamanda, İstisu mineral su zavodunun fəaliyyətə başlaması, müalicəvi və turizm imkanlarının inkişaf etdirilməsi Kəlbəcərin iqtisadi həyatında yeni mərhələnin əsasını qoyur.
Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri zamanı müxtəlif infrastruktur və sosial layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bu bölgənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Baş plan əsasında şəhərin müasir memarlıq prinsipləri ilə yenidən qurulması, yaşayış komplekslərinin, məktəblərin və digər sosial obyektlərin inşası insanların rahat və təhlükəsiz yaşayışı üçün möhkəm zəmin yaradır.
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlərin sosial təminatı, məşğulluğu və normal həyat şəraitinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız dağıdılmış evləri bərpa etmək deyil, həm də insanların öz torpaqlarında təhlükəsiz, firavan və müasir həyat sürməsini təmin etməkdir.
Kəlbəcərin dirçəlişi Azərbaycanın iqtisadi potensialının, siyasi iradəsinin və milli həmrəyliyinin göstəricisidir. Burada atılan hər bir addım Vətən müharibəsində qazanılmış Zəfərin quruculuq mərhələsinə çevrildiyini nümayiş etdirir.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü bizə bir daha xatırladır ki, güclü dövlət, qətiyyətli lider və bir yumruq kimi birləşən xalq qarşısında heç bir maneə dayana bilməz. Kəlbəcər yenidən qurulur, sakinlərini qarşılayır və Azərbaycanın gələcəyinə inamla addımlayır. Bu torpaqda yüksələn hər yeni bina, salınan hər yol və işə düşən hər müəssisə milli Zəfərimizin əbədi izidir!
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri