Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 noyabr, AZƏRTAC
Zəfər bizim tariximizə qanla və böyük fədakarlıqla yazılmış bir əsərdir. Mən bu tarixi hadisələrə həm döyüşçü, həm də rəssam kimi yanaşıram. Qazanılan Qələbənin hər bir cizgisində qəhrəmanlıq, iradə, birlik, Vətən sevgisi və böyük fədakarlıq var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, Vətən müharibəsi iştirakçısı Fəxri Musazadə bildirib.
O deyib: “Döyüşlər başlamamışdan əvvəl, 2020-ci il sentyabrın 21-də cəbhəyə yollanmışam. Sentyabrın 27-dən etibarən Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bu haqq savaşında çox dəyərli, əziz, əvəzolunmaz Vətən qardaşlarımızı şəhid verdik. Birlikdə olduğum, dostluq etdiyim, ən çətin günlərdə çiyin-çiyinə dayandığım, çətinliklərə birlikdə sinə gərdiyim silahdaşlarımı itirmək hissi, əlbəttə ki, bir ömür yaddaşımdan, xəyallarımdan və xatirələrimdən silinməyəcək. Onların hər biri öz arzularını, ümidlərini, gələcək planlarını Vətən yolunda fəda etdi. Bu itkilərin ağrısını sözlə ifadə etmək çətindir. Eyni zamanda, şəhidlik ən uca, əlçatmaz zirvədir. Onlar bu zirvədə əbədi yaşayacaq, adları və qəhrəmanlıqları heç zaman unudulmayacaq.
Fəxri Musazadə qeyd edib ki, bir rəssam kimi bu tarixi hadisələrə həm də sənət prizmasından baxır. O, Şanlı Zəfərimiz uğrunda gedən döyüşləri Azərbaycan tarixinin səhifələrinə sanki fırça ilə çəkilmiş ən möhtəşəm, ən qiymətli batal janrında əsər hesab edir. Ən heyrətamiz tərəfi isə budur ki, belə möhtəşəm tarixi əsər cəmi 44 gün ərzində yarandı. Onun müəllifləri Vətən uğrunda döyüşən, canından keçən, qələbəyə inamını bir an belə itirməyən Azərbaycan əsgərləri və xalqımız oldu. Bu əsərin ən qiymətli tərəfi onun heç zaman unudulmayacaq canlı tarix olmasıdır.
”İnanıram ki, sənət də bu tarixi Zəfərin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq. Mən də bir rəssam kimi bundan sonrakı yaradıcılığımda şanlı Qələbəmiz mövzusuna xüsusi yer ayırmağı, bu tarixi hadisələri, qəhrəmanlıq nümunələrini və Vətən sevgisini əks etdirən silsilə əsərlər yaratmağı qarşıma məqsəd qoymuşam. Çünki yaşadığımız bu tarix təkcə xatırlanmalı deyil, həm də sənət vasitəsilə gələcək nəsillərə çatdırılmalıdır”.
Fəxri Musazadənin Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də qiymətləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə o, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
“Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq və kompozisiya kafedrasında müəllim vəzifəsində çalışıram. Düşünürəm ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfəri həm bir vətəndaş, həm də bir rəssam kimi yaşatmaq, onun qəhrəmanlıq salnaməsini sənət əsərlərində əks etdirmək mənim üçün həm mənəvi borc, həm də yaradıcılıq məsuliyyətidir”, deyə F.Musazadə əlavə edib.
Müxbir -Tünzalə Arazlı