Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycanın hər bir bölgəsi özünəməxsus tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə seçilir. Bu bölgələr sırasında Kəlbəcər xüsusi yer tutur. Möhtəşəm dağları, zəngin təbii sərvətləri, qədim yaşayış məskənləri və tarixi abidələri ilə seçilən Kəlbəcər xalqımızın minilliklərə söykənən tarixinin mühüm səhifələrindən biridir. 25 Noyabr – Kəlbəcər şəhəri günü isə bu qədim yurdun azadlığının, milli iradəmizin və tarixi ədalətin bərpasının rəmzidir.
Kəlbəcərin tarixi yalnız orta əsrlərlə və ya sonrakı dövrlərlə məhdudlaşmır. Burada aparılmış arxeoloji tədqiqatlar bölgədə insan məskunlaşmasının qədim dövrlərə gedib çıxdığını təsdiqləyir. Xüsusilə Zar mağara düşərgəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri Azərbaycanın qədim Daş dövrü tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Mağarada tapılmış daş alətlər qədim insanların əmək fəaliyyəti, həyat tərzi və ətraf mühitə uyğunlaşması haqqında elmi təsəvvür yaradır.
Kəlbəcər orta əsrlərə aid memarlıq nümunələri ilə də zəngindir. Xudavəng monastır kompleksi bölgənin ən tanınmış tarixi abidələrindəndir. Bu kompleks öz memarlıq quruluşu, daş üzərindəki işləmələri və tarixi əhəmiyyəti ilə diqqəti cəlb edir. Bundan başqa, rayon ərazisində yerləşən qədim qalalar, məbədlər, qəbiristanlıqlar və digər maddi-mədəniyyət nümunələri Kəlbəcərin zəngin tarixi keçmişini nümayiş etdirir. Bu irsin hərtərəfli öyrənilməsi və qorunması milli tariximizin obyektiv şəkildə gələcək nəsillərə çatdırılması baxımından mühüm vəzifədir.
Kəlbəcər yalnız tarixi abidələri ilə deyil, coğrafi xüsusiyyətləri ilə də seçilir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcərin ərazisi uca dağ silsilələri, geniş yaylaqlar, dərin dərələr və zəngin su ehtiyatları ilə əhatə olunmuşdur. Camışdağ zirvəsinin 3724 metr yüksəkliyə çatması bölgənin dağlıq relyefinin göstəricilərindəndir. Tərtər çayı və onun qolları, çoxsaylı mineral bulaqlar, meşələr və alp çəmənlikləri Kəlbəcərin təbii mənzərəsinə xüsusi gözəllik verir.
Rayonun təbii sərvətləri arasında İstisu mineral bulaqları xüsusi yer tutur. Müalicəvi xüsusiyyətləri ilə tanınan bu su mənbələri uzun illər Azərbaycanın sağlamlıq turizminin mühüm istiqamətlərindən biri olmuşdur. İşğaldan əvvəl fəaliyyət göstərən İstisu sanatoriyası təkcə ölkəmizdə deyil, regionda da tanınırdı. Bu gün həmin potensialın yenidən dirçəldilməsi, müasir müalicə-istirahət infrastrukturunun yaradılması Kəlbəcərin iqtisadi inkişafına böyük töhfə verəcəkdir.
1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi bölgənin tarixinə ağır faciə kimi daxil olmuşdur. İşğal nəticəsində sakinlər doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlər dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Lakin xalqımızın Kəlbəcərə qayıdış ümidi heç zaman sönməmişdir.
2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması həmin ümidləri gerçəyə çevirdi. Bu tarixi hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində mümkün oldu.
Bu gün azad Kəlbəcərdə aparılan bərpa və quruculuq işləri bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində yollar çəkilir, elektrik infrastrukturu yenilənir, su elektrik stansiyaları istifadəyə verilir, yaşayış kompleksləri və sosial obyektlər inşa olunur. Kəlbəcərə sakinlərin qayıdışı isə bu quruculuq prosesinin əsas məqsədini – doğma torpaqlarda həyatın yenidən bərpasını ifadə edir.
Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və təbii gözəlliklərini özündə birləşdirən əvəzsiz diyardır. Onun hər bir qayası, hər bir bulağı və hər bir tarixi abidəsi xalqımızın keçmişindən xəbər verir. 25 Noyabr bu irsin qorunması, azadlığımızın dəyərinin bilinməsi və gələcək nəsillərin doğma torpaqlara bağlılıq ruhunda yetişdirilməsi baxımından xüsusi məna daşıyır.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı