Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Vətən müharibəsində Murovdağ istiqamətində döyüşlərə qatılan leytenant İbrahim Vəlizadənin taleyi hələ də məlum deyil. Ailəsi illərdir ondan xəbər gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən Azərbaycan Ordusunun leytenantı İbrahim Səməd oğlu Vəlizadənin taleyi bu günədək müəyyənləşdirilməyib.
1998-ci il iyunun 11-də anadan olan İbrahim Vəlizadə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndindəndir. O, Heydər Əliyev adına Hərbi Liseydə, daha sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hərbi xidmətini zabit kimi davam etdirən leytenant Vətən müharibəsi başlayanda ön cəbhədə olub.
Döyüşlərin ən ağır istiqamətlərindən biri hesab edilən Murovdağda aparılan əməliyyatlar zamanı İbrahim Vəlizadə ilə əlaqə kəsilib. Həmin vaxtdan etibarən onun taleyi barədə ailəsinə dəqiq məlumat verilməyib.
İbrahim Vəlizadənin adı Vətən müharibəsi zamanı itkin düşmüş hərbçilərin siyahısında yer alır. Onun nəşi tapılmadığından bu günədək dəfn mərasimi keçirilməyib.
Müharibədən altı il keçib. Kəlbəcər azaddır, Murovdağ istiqamətində Azərbaycanın suverenliyi bərpa olunub. Lakin İbrahim Vəlizadənin ailəsi üçün gözləmə davam edir.
Onun doğmaları üçün müharibə 2020-ci ilin payızında bitməyib. Çünki onlar hələ də bir xəbər, bir iz, övladlarının taleyinə aydınlıq gətirəcək bir cavab gözləyirlər.
Kəlbəcər qayıtdı, yollar açıldı, torpaqlarımıza həyat döndü. Amma İbrahim Vəlizadə hələ də Murovdağdan qayıtmayıb...
Əli Hüseynov