Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dəniz nəhəngi indiyədək 3,5 milyon tonadək yük daşıyıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Kəlbəcər” tankerinin istismara verilməsinin 5 ili tamam olur. Ötən müddətdə tankerlə 3 milyon 446 min 235 ton neft və neft məhsulu daşınıb. ASCO-nun məlumatına əsasən, istismar müddəti ərzində “Kəlbəcər” tankeri ilə müxtəlif limanlara, ümumilikdə, 72 səfər həyata keçirilib.
Xatırladaq ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Kəlbəcər” tankeri 2021-ci il sentyabrın 10-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Gəmi həmin vaxtdan Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.
Yeni nəsil tankerin uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə bilir. Xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 min 212 kubmetr olan 6 yük çəninə malik olan tankerin dedveyti dənizdə 7 min 875 ton, çayda isə 5 min 447 tondur.
XQ