Kəlbəcərdə yeni “Şahdağ” salınır

10.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Kəlbəcərdə Dağ Kurort Turizm Mərkəzinin yaradılması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb. Layihənin rayonun turizm potensialının inkişafına və turist axınının artırılmasına töhfə verməsi gözlənilir.

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov Modern.az-a açıqlama verib:

"Kəlbəcərdə dağ kurort turizm mərkəzinin yaradılması ilə bağlı müəyyən layihəyə start verilib. Bununla bağlı hətta Avropa ölkələrinin bu sahədə daha peşəkar və tanınmış şirkətləri ilə məsləhətləşmələr və müxtəlif konsultasiyalar aparılır, ilkin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb".

Ekspert deyib ki, Kəlbəcər Azərbaycanın ən yüksəkdə yerləşən rayonlarından biridir. Təxminən 2 000 metr yüksəklikdə yerləşən rayonun relyefi, iqlimi, coğrafi mövqeyi və rekreasiya imkanları belə mərkəzlərin yaradılması üçün çox əlverişli şərait yaradır.

Qeyd olunduğu kimi, Dağ Kurort Turizm Mərkəzinin məhz burada inşa olunmasının planlaşdırılması da təsadüfi deyil.

"Ümumilikdə, Kəlbəcərdə qış, sağlamlıq, ekoturizm və digər turizm növlərinin inkişafı üçün əlverişli şərait var. Kurort mərkəzinin yaradılması yalnız qış turizminin, xizək və digər idman növlərinin inkişafına deyil, yay aylarında da turistlərin cəlb olunmasına imkan verəcək. Bura həm də sağlamlıq turizmi üçün əlverişli məkandır. İnsanlar kurort mərkəzində istirahət etməklə yanaşı, sağlamlıqlarını bərpa edə və Kəlbəcərin təbii turizm potensialından yararlana biləcəklər. Rayonda sanatoriyaların, o cümlədən isti su sanatoriyasının tikintisi də nəzərdə tutulur" - o, deyib.

C.Aşurov qeyd edib ki, yerləşmə yeri peşəkar şirkətlər tərəfindən bütün amillər nəzərə alınaraq müəyyənləşdiriləcək. Kompleksin həm qış, həm də yay turizminə xidmət etməsi və yerli, eləcə də xarici turistlərin cəlb olunması vacibdir.

"Eyni zamanda, bu sahəyə investisiyaların cəlb edilməsi üçün dövlət tərəfindən əlverişli şərait yaradılmalıdır. İnvestorlar üçün imkanlar genişləndirildikcə bölgədə daha qısa müddətdə keyfiyyətli və müxtəlif turizm obyektlərinin, eləcə də yeni turizm məhsullarının yaradılması mümkün olacaq" - ekspert, bildirib.

Nicat Rüstəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью