Kəlbəcərə turist axını artacaq? Ekspertdən PROQNOZ

08.09.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcərin turizm potensialının inkişafına mühüm töhfə verəcək Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb.

Kəlbəcərin coğrafi və təbii imkanlarını nəzərə alsaq, Dağ Kurort Turizm Mərkəzinin yaradılması bölgənin turizm potensialına nə dərəcədə təsir edə bilər? Bu layihə Kəlbəcərə turist axınının artmasına və regionda yeni turizm marşrutlarının formalaşmasına necə təsir göstərə bilər?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Redaktor.az-a danışarkən bildirdi ki, Kəlbəcərin zəngin təbiəti, dağlıq relyefi, mineral suları və əlverişli iqlimi bölgənin dağ turizmi üçün böyük potensiala malik olduğunu göstərir:

"Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması bu potensialın sistemli və müasir turizm infrastrukturu çərçivəsində reallaşdırılmasına mühüm imkan yarada bilər. Belə bir mərkəz Kəlbəcərin yalnız yay mövsümündə deyil, ilboyu turist qəbul edən istiqamətə çevrilməsinə şərait yarada bilər. Xüsusilə qış turizmi, dağ yürüşləri, ekoturizm, sağlamlıq və istirahət turizmi kimi müxtəlif istiqamətlərin inkişafı üçün geniş imkanlar mövcuddur".

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Kəlbəcərə turist axınının artmasına və bölgənin Azərbaycanın əsas turizm destinasiyalarından biri kimi tanınmasına ciddi təsir göstərə bilər.

"Bununla yanaşı, turizm mərkəzinin ətrafında yeni otellərin, restoranların, istirahət məkanlarının və digər xidmət sahələrinin formalaşması yerli iqtisadi fəallığı da artıracaq. Kəlbəcərin təbii və tarixi məkanlarını əhatə edən yeni turizm marşrutlarının hazırlanması turistlərin bölgədə daha uzun müddət qalmasına imkan verə bilər. Dağ Kurort Turizm Mərkəzi eyni zamanda Kəlbəcərin digər rayonlarla əlaqələndirildiyi regional turizm marşrutlarının yaradılmasında əsas dayaq nöqtələrindən birinə çevrilə bilər", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью