Adelet.az saytına istinadən Icma.az xəbər verir.
Mən Kəlbəcərin işğalı ilə yaşıdam...
Bu cümlənin arxasında bir ömürlük həsrət, yaşanmamış xatirələr, görülməmiş doğma mənzərələr və nəsildən-nəslə ötürülən yurd sevgisi dayanır.
Mən dünyaya gələndə Kəlbəcər artıq işğal altında idi. Doğma yurdumun küçələrində gəzmək, əzəmətli dağlarının havasını udmaq, buz kimi bulaqlarından su içmək, ata-babalarımın izləri qalan torpaqda addımlamaq uşaqlıq illərimdə yalnız xəyal edə biləcəyim arzular idi. Kəlbəcər mənim üçün həm doğma, həm də uzaq bir məkan olub. Haqqında ailəmin söhbətlərindən öyrəndiyim, adını hər eşidəndə içimdə qəribə bir nisgil duyduğum, azadlığını görmək üçün illərlə gözlədiyim ata-baba yurdum...
Mən Kəlbəcərdə anadan olmamışam. Ancaq insanın doğulduğu yer ilə mənsub olduğu yurd hər zaman eyni olmur. Bəzən heç vaxt görmədiyin bir məkan yaddaşında ən doğma yerə çevrilir. Mənim Kəlbəcərlə bağlı təsəvvürlərim ailəmin xatirələri, ata-baba yurduna bağlılığı və illər ərzində qəlbimdə böyüyən qayıdış arzusu ilə formalaşıb. Çünki yurd yalnız insanın dünyaya göz açdığı yer deyil. Yurd kökdür, tarixdir, kimlikdir, mənəvi bağlılıqdır. Adını çəkəndə ürəyinin başqa cür döyündüyü, haqqında danışanda səsində həsrətin duyulduğu məkandır.
İllər keçdi. Mən böyüdüm, həyatımda çox şey dəyişdi. Ancaq bir arzum heç vaxt dəyişmədi: bir gün Kəlbəcərin azadlığı xəbərini eşitmək, doğma torpağımızda Azərbaycan bayrağının dalğalandığını görmək...
Və həmin gün gəldi!
25 noyabr 2020-ci il mənim üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün illərlə qəlbimdə daşıdığım həsrətin, ailəmin və minlərlə kəlbəcərlinin qəlbində yaşatdığı qayıdış ümidinin gerçəkləşdiyi gündür. Bu, bir nəslin işğal xəbəri ilə başladığı həyatında azadlıq sevincini yaşadığı tarixi məqamdır.
Həmin günün sevincini sözlə ifadə etmək çətindir. Çünki bu sevincin içində illərin nisgili, ata-baba yurduna qovuşmaq arzusu, itirilmiş xatirələrin ağrısı və böyük Zəfərin gətirdiyi qürur var. Kəlbəcərin azadlığı xəbəri mənim üçün ailəmin tarixində yeni bir səhifənin açılması demək idi. Artıq doğma yurdumuzdan danışarkən işğal və ayrılıqdan deyil, azadlıqdan, qayıdışdan və gələcəkdən bəhs edə bilirdik.
Bu gün Kəlbəcərin dağlarına, meşələrinə, çaylarına və bulaqlarına baxarkən orada yalnız təbiətin möhtəşəm gözəlliyini görmürəm. Həmin mənzərələrin hər birində ata-babalarımın izlərini, ailəmin keçmişini, xalqımızın yaddaşını və Azərbaycan Ordusunun qəhrəmanlığını hiss edirəm. Bu torpaq bizim üçün nəsilləri birləşdirən mənəvi sərvətdir.
Kəlbəcərin azadlığı Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsidir. Bu Zəfərin əsasında Azərbaycan dövlətinin qətiyyətli siyasəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının, milli birliyin və xalqımızın torpaqlarımıza bağlılığının təcəssümü olan bu qələbə Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi.
Bu gün azad Kəlbəcərdən danışarkən həmin qələbənin hansı ağır sınaqlar, hansı böyük fədakarlıqlar hesabına qazanıldığını unutmamalıyıq. Vətən müharibəsində canlarını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı dərin ehtiramla yad edirəm. Sağlamlığını itirərək ömürlük fiziki ağrılarla yaşamağa məcbur qalan qazilərimizin fədakarlığı isə xalqımızın yaddaşında daim yaşayacaq. Onların hər biri bu torpağın azadlığı uğrunda yazılmış şanlı tariximizin ayrılmaz hissəsidir.
Mən Kəlbəcərin işğalı ilə yaşıd olan nəslin nümayəndəsiyəm. Doğma yurdunu görmədən sevən, onun azadlığını illərlə gözləyən, işğal həqiqətləri ilə böyüyən bir nəslin... Ancaq bizə bu taleyin yalnız həsrət tərəfini yaşamaq qismət olmadı. Biz azadlıq xəbərini eşitdik, Zəfərin sevincini yaşadıq. Bu, bizim nəslə bəxş edilən ən böyük xoşbəxtliklərdən biridir.
İndi ürəyimdə başqa bir arzu var. Bir gün Kəlbəcərin küçələrində uzun-uzadı gəzmək, ata-babalarımın yaşadığı torpağa ayaq basmaq, dağlarına baxaraq dərindən nəfəs almaq, bulaqlarının suyundan içmək istəyirəm. Bəlkə də o zaman illərdir ailəmin söhbətlərində yaşatdığım Kəlbəcəri öz gözlərimlə görəcək, xəyalımda canlandırdığım mənzərələrlə gerçəkliyi birləşdirəcəyəm.
Və o gün öz-özümə deyəcəyəm:
Bura mənim doğma yurdumdur. Bura mənim ata-baba torpağımdır. Mən bu torpağın tarixini görməsəm də, onun həsrətini yaşadım. Nə yaxşı ki, bu gün Kəlbəcər azaddır!
Kəlbəcər, sənə qovuşmağın, azadlığını yaşamağın qüruru bir başqadır!
Şəlalə CAMAL