Kəlbəcərin “İstisu” möcüzəsi ARAŞDIRMA

01.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Kəlbəcər rayonunda yerləşən "İstisu" mineral su mənbələri özünəməxsus xüsusiyyətləri ilə seçilir. 

Bakıvaxtı.az bildirir ki, "İstisu" mineral suyu öz başlanğıcını Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən təbii mənbədən götürür. Regionun unikal təbii şərait isə minerallarla zəngin suyun yaranmasına səbəb olur. 

İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. 

1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmiş Kəlbəcər 27 illik işğal altında qalıb və nəticədə İstisu da ermənilərin işğalı altında qalıb. Lakin 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. 2024-cü il sentyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev İstisu qəsəbəsinin təməlini qoyub. 

"İstisu" bulağının suyu 

"İstisu" bulağının suyu kimyəvi tərkibinə görə seçilir. Suyun tərkibi yerli laboratoriyalar və Azərbaycan Respublikasının səlahiyyətli dövlət qurumları tərəfindən, həmçinin Almaniyanın SGS Institute Fresenius GmbH laboratoriyası tərəfindən tədqiq olunub.  Laborator analizlərə əsasən, bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Suyun temperaturu müsbət 58,8 dərəcədir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir. 

"İstisu"yun sağlamlıq üçün faydaları

İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində istifadə olunur. Əgər insanda mədə turşuluğu aşağıdırsa, bu zaman "İstisu" yeməkdən 10 dəqiqə əvvəl içilməsi kifayətdir. Əgər mədədə qıcqırma, yanma halları olarsa, yeməkdən 40-45 dəqiqə sonra da yarım stəkan içmək olar. Əgər insandakı problem qaraciyər, öd, mədəaltı vəz, bağırsaqlarla bağlıdırsa, yeməkdən yarım saat öncə içmək məsləhətdir. Böyrək problemlərində də həmçinin 30-40 dəq. yeməkdən öncə içilsə, yaxşı olar. Eyni zamanda su soyuducuya qoyulubsa, öncədən çıxarıb ilıqlanmasını gözləmək və sonra içmək lazımdır.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью