Azertag saytına istinadən Icma.az xəbər verir.
Şamaxı, 5 noyabr, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Kələxana türbələri.
Şamaxının Kələxana kəndi. Bu yaşayış məntəqəsi ilin bütün fəsillərində həm yerli, həm də xarici turistlərin maraq göstərdiyi məkanlardan biridir. Kəndin əsas görməli yeri isə XVII əsrə aid Kələxana türbələr kompleksidir.
Kəndə çatmaq üçün Bakı–Şamaxı–Yevlax avtomobil yolundan ayrılaraq Göylər kəndi istiqamətində hərəkət edirik. Təxminən 9 kilometrdən sonra Kələxanaya çatırıq.
Şamaxı şəhərindən 9 kilometr cənubda, 4,6 hektar ərazidə yerləşən kompleks doqquz türbədən ibarətdir. Onların XVII əsrin ortalarında inşa edildiyi ehtimal olunur. Bəzi tədqiqatçılar isə bütün türbələrin eyni vaxtda və eyni memar tərəfindən tikildiyini bildirirlər.
Səkkizguşəli prizma formasında olan türbələr mədən daşından inşa edilib. Giriş portallarının kənarları nəfis daş çərçivələrlə bəzədilib. Daxildə aqlay daşla döşənmiş döşəmələr və mərkəzdə yerləşən, hündürlüyü 35-40 santimetr olan kvadrat daşlar diqqət çəkir.
Türbələrin girişində oyma təsvirlərə rast gəlinsə də, yalnız birində kitabə var. Kitabədə abidənin hicri təqvimi ilə 1074-cü ildə, yəni 1663-1664-cü illərdə sərkar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi bildirilir. Həmin türbədə şeyx İbrahim oğlu Əmir Əhmədin dəfn olunduğu qeyd edilir.
Kompleksin ətrafındakı qədim məzarlıq da tarixi baxımdan maraqlıdır. Burada çoxsaylı kitabəli qəbirüstü sənduqələr mövcuddur. Onlardan bir neçəsi ötən əsrin ortalarında Bakıya aparılıb və hazırda Qız qalasının qarşısındakı meydanda nümayiş etdirilir.
Doqquz türbədən beşinin ətrafı hasarla əhatə olunub. Girişlərin hamısı şərq istiqamətindədir.
Kələxana türbələri bu gün Şirvan-Abşeron memarlığının dəyərli nümunəsi kimi Azərbaycanın zəngin tarixi irsini yaşadır.
Müxbir – Rəşad Türkoğlu