Kəlləsizin qızıl saatı Mir Çingiz Ağayev yazır

09.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Mirçingiz AĞAZADƏ

Qızıl saatın hekayəsini eşitməyən olmaz. Hamımızın ya anası, ya atası, ya da başqa bir qohum-əqrəbası, nə vaxtsa əzizləyə-əzizləyə nağıl eləyib. Hər halda eləyər. Bu hekayə çox məşhurdur. Təkcə Azərbaycanda yox, elə Türkmənistanda da, Qazaxıstan, Özbəkistan və başqa türkdilli ölkələrdə, hətta ölkəsi olmayan türk xalqlarının folklorunda və bəlkə, türklərdən təsirlənən digər toplumların da nağıllarında yer alır "qızıl saatın hekayəsi". Mənə də nənəm danışıb. Hekayənin əvvəlini dəqiq xatırlamasam da, bilirəm ki, hekayədən çox rəvayətə, dərinə getsəm, əfsanəyə oxşayır. Deməli, guya vaxtilə bir varlı kişi yol kənarında gəzişə-gəzişə düşünürmüş. Ki, görəsən, bu qədər borc-xərcin içində övladlarımın ən xoş günlərinə qədər yaşaya biləcəyəmmi? Unutdum axı deyim. Hekayədəki kişinin adı Ruhlandır. Ruslan yox, Rüfət yox, Ruhlan. Adının mənasını bilmirəm. Xatirimə görə, həmin kişi yol qırağında o qədər dolaşır ki, axırda başına hava gəlir. Dəli olur. Və kəlləsini ovcunun içinə alıb çığırmağa başlayır. Bəlkə də, dərdi düşündüyümüzdən də böyükmüş? Nə deyim, vallah. Hekayənin özü bu cürdü. Həmin Ruhlan kişi başını ovuclarının arasına alsa da, əvvəl-axır itirir və başı yumbalana-yumbalana gedib düşür yaxınlıqdakı meşəliyin içiylə dolaşan arxa. Arxın suyu bol olubmuş. Baş suya düşər-düşməz çır-çınqıla dəyə-dəyə uzaqlara doğru yola çıxır. Elə uzaqlara gedir ki, kişi öz başıyla rabitəni itirir. Tirtap yıxılır yerə. Başsız halda gözləyir kəlləsini. Düzü, mən anlamadım, başsız adam necə gözləyir, nəyi gözləyir, nəylə gözləyir? Amma nağıldır, hekayədir, ya nədirsə, orada belə deyilib. Nənəm danışır ki, guya bu kişi özündən getmiş halda uzandığı dəqiqələrcə kəllə də arxın sonuna çatıb. Bəxtəvərlikdən Kürəcən gedib çıxmayıb. Elə suyun dayazlaşdığı, axının zəiflədiyi nöqtələrin birində özünə yeni bədən tapıb baş. Yaxınlıqdakı qayaya dirsəklənib ölmüş meşəbəyinin bədənində yuva qurub. Burasını hekayəni yazan şəxs daha dəqiq bilər. Mənim bildiyim təkcə odur ki, bədənsiz baş vaxt keçdikcə yeni vücuduna alışır. Heç maraqlanmır ki, bəlkə bu bədənin öz, dost-doğmaca başı nə vaxtsa onun əsir götürdüyü cəsədi geri almaq üçün gələcək, ya yox? Yaxud əsl qulu - bədəni onu axtarmaq niyyətinə düşəcəkmi? Sehrinə qapıldığı yeni meşələr aləmində özünə təzə dastan yazır sanki. Hər şeyi lap başdan başlayır baş. Belə qənaətə gəlir ki, azadlıq kəsilməkdir. Əgər onu kəsməyiblərsə, bir yolunu tapıb bədənindən canını qurtarmalıdı, ya yox? Beləcə, öz bədənini borclar içində tərk edir. Hərəkətinin başqa adı olası deyildi ki.

Bu baş burada qalsın, sizə kimdən xəbər verim, sahibinin yolunu gözləyən bədəndən. Doğrusu, kişi birdən-birə xoşbəxt olmuşdu. Nəhayət, borc-xərc fikrindən qurtarmışdı canı. Daha heç nəyi düşünmürdü. Nə qohum-əqrəbanın dərd-səriylə əlləşməliydi, nə uşaqlarına gün ağlamalıydı, nə arvadın dır-dırına qulaq asacaqdı, nə də gələcək qayğılarıyla başını ovcuna alıb itirməməkdən ötrü dəliyə dönməyəcəkdi. Nə olsun ki, kəlləsi yoxdu? Heç olmasa, ürəyi döyünürdü. Döyünməsə, ayağa dura bilməzdi ki. Beləcə, dünyanın ilk başsız atlısı olur Ruhlan. Və həm də atsız. Qonşusu Hərdəm kişi onun nataraz duruşunu, kəlləsiz, vahiməli vücudunu görəndə huşunu itirib dəyir yerə. Arvadı da bunu görcək ərinin başının üstünü kəsdirir ki, amanın bir günüdü, evim-eşiyim yiyəsiz qaldı. Və deyim ki sizə, Hərdəm kişi o gedən getdi axirətə. Dalınca bir udumluq su belə atmadılar. Qızları göz yaşıyla yola saldı onu. Arvadının saçları barmaqlarına yolunmaqdan bilmədilər hansı yana, hansı səmtə dağılsınlar. Toxuma dönüb səpələndilər torpağa. Yeni hərdəmlər cücərməyə başladı. Hamısı da huşsuz, ağılsız... Nə olsun ki, başları vardı? Anaları Şikayət xanımın saçından törəyənlərdə baş nə gəzir, o başda ağıl nə gəzir? Kül olsun elə bu cür başa!

Ruhlansa yola düzəlmişdi. Hədəfsizdi. Məqsədsizdi. Gedirdi elə hey uzaqlara, dərinlərə, ənginliklərə. İtirdiyi baş kimi axınlaşırdı... Düzü, ondan ötrü uzaqlıq deyilən nisbət də yoxdu artıq. Başından məhrum qalandan bəri heç nəyi düşünmürdü. Köksündəki fitri arzunun ardınca qaçırdı. Qaça-qaça xatırlayırdı ki, bir vaxtlar, çox qədim zamanlarda o, əvvəlki arzularını da kəlləsitək yolda düşürdübmüş... Dayandı bir neçə saniyəlik. Ətrafına baxmaq istədi. Ətrafı yoxdu. Başını qaşımaq istədi. Başı yoxdu. Ağlamaq istədi. Gözü yoxdu. Qışqırmaq istədi. Dili yoxdu. Oğlunu, qızını, anasını, atasını, arvadını axtarmaq istədi. Axtarmağa özü yoxdu. Üzbəsurət dayanmaq üçün kimsə gəlirdi qarşıdan. Üzü yoxdu rastlaşmağa. Bəlkə də, nəsə deyirdi ona həmin kəs. Eşitmirdi. Sadəcə hiss edirdi. Vücudu ilə duyurdu ki, önündə biri dayanıb. Və o biri öz başıydı. Başqasının bədənini əsir almış öz başı. Dözməmişdi qulunun kimsəsizliyinə. Bəli, dərdləri vardı. Fikir götürmüşdü, bəlkə qəm-qüssədən ağlını itirmək həddinə çatmışdı baş o bədənin üzərində. Amma qaçdığı bədəndəki xoşbəxtlik doğma deyildi ona. Xiffətə bulaşmış öz vücudu lazımdı ona. Bədəni çəlimsizləşmişdi. Yoxluğunda arıqlamışdı. Çox arıqlamışdı. Yemək yeməmişdi, su içməmişdi. Çapalayan toyuq kimiydi. Canının çıxmasını gözləyirdi. Və indi canı - başı gəlib çıxmışdı. Ona baxırdı neçə vaxtdı. İndi hökmranlıq etdiyi bədənin də xəbəri yox idi heç nədən. Ondan ötrü çiynindəki baş elə özünküydü. Daha bilmirdi, öz əvvəlki başını vaxtilə üstündəki kəllənin sahib olduğu bədən məhv edib. Haradan biləydi? Əvvəlki başı yoxdu axı. Di gəl, heç qatili də tanımırdı onu. İndiki başı yoxdu axı. İki başsız bir-birinə zillənmişdi. Birinin başı vardı, o birinin bədəni! Biri görürdü, digərisə sadəcə duyurdu.

Və bu məqamda, oxucunun ağlından çıxmış olsa da, mənim unutmadığım qızıl saatın çıqqıltısı eşidilir. Kişi yuxudan oyanıb eləmir. Bütün bunlar adi bir saat zəngiylə bitəcək qədər sadə, bəsit hadisələr zənciri də deyildi. Kişi nəhayət, sadəcə ağlamağa başlayır. Qollarından. Əllərindən. Ayaqlarından. Bədəni danışır. Qəlbiylə, ürəyiylə, ruhuyla danışır. O qədər sürətlə danışır, elə möhkəm döyünür ki, deyirlər, həmin məqamdaca saata çevrilir. Saatın qızıl, ya gümüş olduğu bilinmir. Amma hekayənin adı belədir. Mənlik nəsə yoxdur. Nənəm ilk dəfə danışanda tərəddüd etmişdim inanmağa. Qəribə nağıl idi. Əcaib hekayəydi. Cəmi-cümlətanı 11 yaşım var mənim. Belə hekayələrə inanmaq üçün kifayət qədər böyümüşəm. Deyim ki, özümü heç vaxt uşaq bilməmişəm. Gözümü açandan bəri qocalmaqla məşğulam. Hekayədəki qədər mistik olmasa da, evimizdə babamdan qalma bir saat da var. Düzdür, saat xarab olmayıb. Amma nə vaxt baxıram, əqrəbləri eyni dəqiqələrin üzərində var-gəl edir. Gah irəli, gah geri. Nəticə dəyişmir. O saatın zamanı həmişə eyni anlarda dolaşıb qalır. Hərdən düşünürəm ki, görəsən onun içindəki zamanda yaşasaydım, ölümsüz olardımmı? Bilmirəm. Hər halda bilmək də istəmirəm. Əsas odur, bizim saat işləyir. Babam yaşayır. Və həmin saat mənə miras qalıb...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью