Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə xəstəxanadan evə buraxılıb.
KONKRET.az bildirir ki, o, “Yeni Sabah”a açıqlamasında səhhəti ilə bağlı məlumat verib:
“Şükür, yaxşıyam. Evdə müalicəm davam edir. Tibb bacısı evə gələrək lazım olanları yerinə yetirir. Müalicə prosesində bir çox həkimlərlə tanış oldum. Bildirmək istəyirəm ki, çox möhtəşəm və bacarıqlı həkimlər var”.
Sabunçu Tibb Mərkəzinin Terapiya şöbəsinin müdiri Orxan Hacıyev isə K.Ağazadənin son durumu ilə bağlı açıqlamasında bildirib ki, xəstə kafi durumda evə buraxılıb:
“Yanvarın 22-də Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinin təcili yardım şöbəsinə müraciət edib. Müraciət zamanı o, öskürək, təngnəfəslik və boğulma şikayətləri ilə daxil olub. Kəmalə xanıma təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib. Vəziyyətinin stasionar şəraitdə müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə terapiya şöbəsinə yerləşdirilib.
Terapiya şöbəsində aparılan stasionar laborator və instrumental müayinələrin nəticələrinə əsasən xəstəyə sağ ağciyərin yuxarı payının kəskin ocaqlı pnevmaniyası diaqnozu qoyulub və müalicəyə başlanılıb. Aparılan müalicə nəticəsində xəstənin vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstə kafi vəziyyətdə evə buraxılıb. Sonrakı müalicəsini ambulator şəraitdə davam etdirəcək”.