Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən cümə günü – oktyabrın 17-də Moderator.az redaksiyasına daxil olmuş müraciəti əsasında Bakı şəhəri Yasamal rayonu ərazisində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında 28 ildir məskunlaşmış məcburi köçkünlərdən birinin Fövqəladə Hallar Nazirliyi ilə bağlı şikayətini təqdim etmişdik(burada: ) .
Vətəndaş müraciətində 10 aya yaxın müddətdə dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etməsinə baxmayaraq, vətəndaşın yaşadığı məkanda yaranmış və nəinki onun ailəsinin, yataaqxanadakı digər bir neçə ailənin, həmçinin hər dəqiqə binanın yaxınlığından keçə biləcək onlarla insanın, o cümlədən məktəb şagirdlərinin həyatına təhlükə yaradacaq fövqəladə halın aradan qaldırılması üçün heç bir tədbir görülmədiyini bildirib.
Media qaydalarına uyğun olaraq qarşı tərəfin rəyini öyrənmək və məsələni aydınlaşdırmaq üçün FHN-in rəsmi saytındakı qeyd edilmiş vətəndaşların qəbulu və müraciətləri ilə bağlı iş şöbəsinin (012) 512-00-28 telefon nömrəsinə zəng vurduq.
Telefonu qaldıran şəxs bu məsələ ilə bağlı İctimaiyyətlə əlaqə idarəsinə -(012) 512-03-89 telefon nömrəsinə, yaxud qəbul şöbəsinə ((012) 512-00-61) zəng vurmağı tövsiyə etdi.
Gün ərzində İctimaiyyətlə əlaqə idarəsinə dəfələrlə zəng vursaq da, dəstəyi qaldıran olmadı. Daha sonra qəbul şöbəsinə zəng etdik.
Dəstəyi qaldıran şəxs vətəndaşın probleminin nədən ibarət olduğu ilə qısaca maraqlandıqdan sonra əvvəlcə bu məsələnin FHN-in səlahiyyətində olmadığını bildirdi.
Cavabında anlatdıq ki, belə hallarda 112 qaynar xətt xidməti növbəti zəngdə vətəndaşa hansısa başqa bir quruma müraciət etməli olduğunu bildirməli idi.