Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Bu gün Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunun “Liverpul” – “Qarabağ” oyununu İctimai Televiziya yayınlayacaq. Odu ki, telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov və oyunu şərh edəcək Tural Dadaşov Liverpula yollanıb.
Səfərin detalları və oyunun keçiriləcəyi şəhərdə futbol atmosferi haqda məlumat almaq məqsədilə Kənan bəylə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Təbii ki, səfərə “Neapol” ilə matçda olduğu kimi, İTV-nin şəxsi təşəbbüsü, yəni şirkət rəhbərliyinin təşəbbüsüylə yollandıq. Yanvarın 26-da Bakı – İstanbul – Mançester aviareysi ilə yola düşdük. Mançesterden Liverpula qatarla gəldik. Oyundan əvvəl və sonra “Enfild”dən ən son məlumatları tamaşaçılarımıza çatdıracağıq. Tural Dadaşov matçı stadiondan şərh edəcək. Ab-havaya gəlincə, dünən şəhərin gəzməli-görməli yerlərində olduq. Amma hava şaxtalı və iş günləri olduğuna görə küçədə adamların sayı az idi. Bura çox soyuqdu. Həm 26-da, həm də dünən yağıb. Xoşbəxtlikdən bu gün havanın günəşli olacağı gözlənilir. Şəhərin mərkəzində “Liverpul” – “Qarabağ” oyunuyla bağlı hazırlanmış xüsusi şərflər gözümüzə dəydi. “Liverpul” formasında gəzən azarkeşlərə rast gəlmədik. “Qarabağ” azarkeşləri bura bu gün gələcək. Məndə olan məlumata görə, oyundan əvvəl toplaşıb stadiona birgə daxil olacaqlar. Onu deyim ki, “Enfild” ətrafında hər şey futbolu xatırladır. Divarlarda futbolla bağlı rəsmlər var. Muzeylərdə həm “Liverpul”, həm də “Everton” üçün guşələr yaradılıb. Pablarda restoranlarda futbol izlənilir. Hiss olunur ki, Liverpul futbol şəhəridi”.
KƏNAN BAHADIR