Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Mövcud maaş sistemi məhz ucqar bölgələrdə, ucqar kəndlərdə müəllim çatışmazlığının demək olar ki, əsas səbəblərindən biridir. Çünki həmin yerlər üzrə vakant yerlər tutulduğu zaman başqa-başqa ərazilərdən olan müəllimlər seçim etmək istəsələr də, əmək haqqının azlığı artıq onlara o seçimi etməyə imkan vermir. Onlar hesablayırlar ki, burada kirayə pulu verəcəklər, kommunal xərclər var, yaşayış şərtləri var və sair. Ona görə də həmin vakant yerlər tutulmur. Məhz musiqi müəllimliyi, təsviri sənət müəllimliyi kimi ixtisaslarda dərs saatları az olduğu üçün əmək haqqı da çox aşağı formalaşır".
Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi elm və təhsil naziri Emin Əmrullayevin "kənd məktəblərində dərs saatları o qədər az olur ki, orada çalışmaq müəllimlərə iqtisadi cəhətdən fayda vermir" sözlərini şərh edərkən bildirdi.
"Nazirliyin də hazırda qeyd etdiyi odur ki, əgər müəllimlər vahid iş saatı ilə fəaliyyət göstərə bilsələr və onların əməkhaqqı konkret dərs saatına görə deyil, iş saatına görə formalaşsa, bu zaman vakant yerlər də qalmaz, şagirdlər hər bir fənn üzrə müvafiq müəllimlə təmin olunar və dərslər də uyğun şəkildə keçirilər. Problemin birbaşa kökü də məhz dediyim kimi əməkhaqqı ilə bağlıdır. Əməkhaqqı normal olduğu halda həmin ucqar bölgələrdəki, kənd məktəblərindəki vakant yerlər də mütləq tutulacaq", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI